Opel şirkəti yeni Astra modelinin ilk tizerlərindən sonra, avtomobilin tam ölçülü şəkillərini yayımlayıb. Şəkildəki avtomobillər güclü kamuflyaj örtüyünə malik olsalar da, onların sınaq dövrü artıq başa çatmaq üzrədir.
Opel şirkətinin Dudenhofendəki firma poliqonunda, Şimal Qütbündə və iqlim kamerasında aparılmış standart testlərindən sonra, Opel mütəxəssisləri Almaniyanın limitsiz avtobanlarındakı yüksək sürət sınaqlardan və çay keçidinin (!) qət edilməsi testləri barədə xüsusi qürurla bəhs ediblər. Şirkət standartlarına görə, bütün avtomobillər 25 santimetr dərinliyində olan çay keçidini problemsiz qət etməlidirlər.
Yeri gəlmişkən, yeni Astra modelinin baş mühəndisi, əvvəlki iki nəslin və Opel Cascada kabrioletinin yaradılmasında iştirak edən alman Mariella Voqlerdir. Ümumiyyətlə, yeni Astra modelinin yaradıcıları komandasında qadınların sayı həmişəkindən daha çoxdur.
Bununla birlikdə, onların işləri nəzərəçarpacaq dərəcədə azalıb, çünki texnologiya baxımından gələcək hetçbek Peugeot 308 modeli ilə tamamilə unifikasiya edilib.
Ümumi nisbətlərinə və qapı girişlərinin formasına baxsaq, Astra və 308 modellərinin unifikasiya edilmiş kuzova sahib olacağını söyləmək mümkündür. Opel modeli yalnız orijinal dizaynı ilə fərqlənəcəkdir: yeni modelin dizaynı britaniyalı Mark Adamsın rəhbərlik etdiyi stilistlər qrupu tərəfindən hazırlanmış və artıq Opel Mokka krossoverindən tanış olan Opel Vizor üslubundadır.
Ön LED fənərlər və radiator barmaqlığı dəbilqə vizoruna bənzəyən tündləşdirilmiş ümumi paneldə birləşdiriliblər. İnteryer də Mokka ilə eyni üslubda tərtibata malikdir – salonda iki ekranı, habelə minimum sayda aparat düymələrini və açarları özündə birləşdirən Pure Panel ön paneli quraşdırılacaqdır.
Növbəti nəsil Astra hetçbeki Stellantis ittifaqının EMP2 modul platformasına əsaslanacaqdır. Bu isə, Astra modelinin Uatt mexanizmi olan firma arxa asqısını itirəcəyi deməkdir: adi yarımüstəqil tir isə yerində qalacaqdır. Xarici nəşrlərə görə, Astra hetçbekinin mühərrik çeşidi Peugeot 308 modeli ilə tamamilə eyni olacaqdır.
Bunlar 1.2 Puretech benzin turbomühərriki (110 və ya 130 at qüvvəli), dördsilindrli 1.5 BlueHDi 130 turbodizel (130 at qüvvəli), habelə 1,6-litrlik turbomühərrikin əsasında yaradılmış iki hibdir güc qurğusudur (180 və ya 225 at qüvvəli) . Sırf elektrik mühərriki ilə təchiz edilən bir versiyanın olacağı da vəd edilib.
Yeni Opel Astra hetçbekinin təqdimatı bir neçə həftədən sonra keçiriləcəkdir. Sonradan Astra modelinin modifikasiya çeşidinə Sports Tourer universalının qoşulacağı gözlənilir. Avtomobillər Almaniyanın Rüsselshaym şəhərində yerləşən və 2009-2015-ci illərdə Astra modelinin istehsal olunduğu baş zavodda buraxılacaqdırlar. İndi bu müəssisədə yalnız Opel Insignia ailəsi istehsal olunur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.