Opel şirkəti Cenevrə avtomobil salonunda nümayiş etdirməyi planlaşdırdığı GT konseptual avtomobilini rəsmi olaraq təqdim etmişdir. Altımışıncı illərin GT modelinə həsr edilmiş bu konsept alman markasının gələcək idman avtomobillərinin necə olacağı haqqında təssəvvür yaratmaq vəzifəsini daşıyır. Arxadan çəkişli idman kupesinin çəkisi bir tondan azdır və avtomobil ön oxun arxasında yerləşdirilmiş benzin mühərriki vasitəsi ilə hərəkətə gəlir.
Konsept avtomobili Adam, Corsa və Astra modellərindən tanış olan 1,0-litrlik alüminium mühərriklə təchiz edilmişdir. Prototipdə quraşdırılmış mühərrikin gücü 145 at qüvvəsi və 205 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı sükanaltı dəstəklər vasitəsi ilə ötürmələrə imkan yaradan altı pilləli sekvental sürətlər qutusu ilə birgə çalışır. Kupe saatda 100 kilometr sürətini səkkiz saniyədən az vaxta toplayır. Onun maksimal sürəti isə 215 km/saat təşkil edir.
Avtomobilin bir sıra üslub elementləri 1965 və 1966-cı illərdə təqdim edilmiş Opel Experimental GT və Vauxhall XVR konseptlərindən alınmışdır. Bu prototiplər, vaxtı ilə, istehsalçının seriya avtomobillərinin yaradılmasına xüsusi təsir göstərmişlər. Avtomobilin qırmızı rəngə boyanmış qabaq təkərləri 1928-ci ildən 1930-cu ilə kimi buraxılmış Opel Motoclub 500 motosiklinə işarə edir.
Opel GT konseptinin elektrik ötürməsi ilə çalışan qapıları açıldıqda, onların bir hissəsi qabaq təkər tağlarının arxasında «gizlənir». Bundan əlavə, kupenin yan güzgüləri kameralarla əvəz edilmişdir ki, bu kameraların ötürdükləri görüntülər salonun sağ və solunda yerləşən xüsusi monitorlarda əks olunur. Opel mühədislərinin sözlərinə görə bu sistem gələckdə ənənəvi yan güzgülərdən imtina edilməsinə və kor zonalar probleminin aradan qaldırılmasına gətirib-çıxardacaqdır.
Avtomobilin alın şüşəsi bir başa panoram tavanla vahid məkan təşkil edir və «targa» tipli avtomobildə «səyahət etməkdən həzz almağa» imkan yaradır. Opel GT konsepti həmçinin, dönmə işıqları quraşdırılmış matrisa tipli fənərlərlə təchiz edilmişdir. Opel şirkətinin rəhbərliyi GT modelinin istehsalı barədə planlarının olmadığını bəyan etmişdirlər. Bununla belə, onlar kütlənin reaksiyasını izləyəcəklərini və sonra avtomobilin gələcək taleyi haqqında qərar qəbul edəcəklərini bildirmişlər.