Opel şirkəti Astra modelinin yeni nəslini təqdim edib. Yeni hetçbek GM konserninin arxitekturasını və qurğularını Stellantis ittifaqına daxil olan PSA konserninin aqreqatları iə əvəzləyib. Beləliklə, qarşımızda Avropada Volkswagen Golf və Ford Focus modellərinin ən təhlükəli rəqibi olacaq altıncı nəsil Opel Astra L hetçbeki durur. Eyni zamanda, yeni Astra texniki cəhətdən Peugeot 308 modelinin “paltar dəyişmiş” versiyasıdır.
Qeyd etmək gərəkdir ki, Opel dizaynerləri yeni Astra modelinin cəlbedici və özünəməxsus görünüşə malik olması üçün əllərindən gələni ediblər. Yeni modelin dizaynı britaniyalı Mark Adamsın rəhbərlik etdiyi stilistlər qrupu tərəfindən hazırlanmış Opel Vizor üslubundadır. Ön LED fənərlər və radiator barmaqlığı dəbilqə vizoruna bənzəyən tündləşdirilmiş ümumi paneldə birləşdiriliblər. Əlavə ödəniş qarşılığında, IntelliLux matrisa fənərləri də təklif olunur: hər blokda işıq şüasını çevik şəkildə dəyişdirməyə imkan verən 84 diod var.
Peugeot 308 modeli ilə bənzərlik müxtəlif dizayner fəndləri sayəsində uğurla gizlədilib. Ancaq profildən baxdıqda, kuzovların demək olar ki, bənzər olduğunu görmək mümkündür: ön dayaqların təməlinə, qapı boşluqlarına, yanacaq doldurma qapağının yerləşməsinə və arxa pəncərənin əyilmə bucağına diqqət yetirin. Yeri gəlmişkən, beşinci qapı artıq kompozitdən hazırlanır, kuzovun burulmaya qarşı sərtliyi isə əvvəlki Astra K modeli ilə müqayisədə 14% artıb.
Yeni hetçbekin təkər bazası Peugeot 308 ilə eynidir - 2675 millimetr. Bu, yola saldığıız Astra modelində olduğundan 13 millimetr çoxdur. Eyni zamanda, avtomobilin ümumi ölçüləri demək olar ki dəyişməyib: yeni hetçbekin uzunluq 4 millimetr artıb, eni və hündürlüyü isə, müvafiq olaraq, 11 və 15 millimetr azalıb. Beləliklə, yeni Asta L modelinin uzunluğu 4374 millimetr, eni - 1860 millimetr, hündürlüyü isə 1470 millimetrdir. Buna baxmayaraq, baqaj bölümünün həcmi 370-dən 422 litrə qədər artırılıb. Avtomobili 18-düymə qədər ölçüsü olan disklər ilə sifariş etmək mümkündür. Opsiyalar siyahısına isə, ilk dəfə olaraq qara dam əlavə edilib.
Astra L hetçbeki yeni Opel Pure Panel interyer konsepsiyasını (Mokka və Grandland modellərindən sonra) alan üçüncü modeldir. Sürücünün qarşısında virtual cihazlar panelinin və multimedia sisteminin displeylərini özündə birləşdirən bütöv panel durur. Bununla birlikdə, klimat-kontrolu idarə etmək üçün ənənəvi düymələr qorunub saxlanıb. Mediasisteminin "qaynar" düymələri də var.
Əvvəlki Astra modeli ilə müqayisədə oturacaqlar 12 millimetr aşağıda quraşdırılıblar. “Avtomatın” idarə edilməsindən mərkəzi tuneldə yerləşən miniatür coystik məsuldur. Opsiyalar arasında proyeksiya ekranı, dairəvi görüntü kameraları və Stop&Go funksiyası olan adaptiv kruiz-kontrol var. Avtomatik əyləcləmə sistemi isə artıq standart avadanlıqdır.
Yeni Peugeot 308 modeli kimi, yeni Opel Astra da EMP2 modul platformasına əsaslanır. Bu isə, Astra modelinin 2009-cu ildən bəri təchiz edildiyi Uatt mexanizmi olan firma arxa asqısını itirdiyindən xəbər verir: adi yarımüstəqil “tir” isə yerində qalıb. Yeni modelin mühərrik çeşidi 308 hetçbeki ilə tamamilə eynidır. Bunlar 1.2 Puretech benzin turbomühərriki (110 və ya 130 at qüvvəli), dördsilindrli 1.5 BlueHDi 130 turbodizeldir (130 at qüvvəli). Bütün aqreqatlar start-stop sistemi və altı pilləli mexaniki transmissiya ilə təchiz edilirlər, səkkiz pilləli "avtomatı" isə yalnız 130 at qüvvəli mühərrik üçün sifariş etmək olar.
Hibrid güc qurğuları da Peugeot modelindən alınmışdır. Opel Astra L iki qoşulan hibrid modifikasiyada təklif olunur: 150 və 180 at qüvvəli 1,6-litrlik turbomühərriklər, 110 at qüvvəli elektromotor quraşdırılmış 8-pilləli “avtomat” ilə tandemdə çalışırlar. Hibrid qurğuların ümumi hasilatı 180 və 225 at qüvvəsidir. Belə hetçbeklər sırf elektrik rejimində də hərəkət edə biləcəklər.
Yeni nəsil Astra modelləri Almaniyanın Rüsselshaym şəhərində yerləşən Opel şirkətinin baş zavodunda buraxılacaqlar. Sonradan bu zavodda DS 4 hetçbekinin istehsalı da təşkil ediləcəkdir . Yeni Astra modelinin istehsalına payızda başlanacaqdır. Qeyd edək ki, Astra Sports Tourer universalı da payızda təqdim edilməlidir. Yeni ailənin Avropadakı satışlarına 2022-ci ilin əvvəlində başlamaq planlaşdırılıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.