Opel şirkəti tam elektrikləşdirmə planının həyata keçirilməsinə doğru irəliləyir. Ötən il, 2024-cü ilə qədər Opel markasının bütün modellərinin hibrid güc qurğularını alacağı, 2028-ci ilə qədər isə, Avropa bazarında yalnız 800 kilometrə qədər yürüş məsafəsinə olan “akkumulyatorlu” avtomobillərin satılacağı bildirilmişdi. İndi şirkət növbəti elektrik yenilikləri haqqında təfərrüatları açıqlayıb: bunlar Astra, Insignia, Crossland və Manta modelləri olacaqlar.
Elektrik ötürməsinə keçidi xarakterizə edən “e” prefiksini alan ilk Opel modeli Astra olacaqdır. Astra-e 2023-cü ildə işıq üzü görəcək, eyni zamanda, hetçbek və universal kuzovu ilə təklif ediləcəkdir. Onun ardınca indiki Crossland və Insignia modellərinin varisləri debüt edəcəklər - təsdiqlənməmiş məlumatlara görə, hər iki elektromobil 2025-ci ildə qədər bazara çıxmalıdırlar. Bundan başqa, üçüncü nəsil Insignia modeli form-faktorunu dəyişərək krossvenə çevriləcək, sırf elektrik versiyası ilə yanaşı, hibrid versiyasını da alacaqdır.
Sıfır emissiyalı növbəti yenilik bu onilliyin ortalarında debüt edəcək Manta-e modeli olacaqdır. Keçən əsrin 70-ci illərində istehsal edilmiş idman kupesinin əvəzinə klassik kupeyə bənzəyən dördqapılı krossover buraxılacaqdır. Çox güman ki, bu yenilik yeni Stellantis STLA elektrik platformasında inşa edilən ilk avtomobillərdən biri olacaqdır.
Bütün yeni modelləri akkumulyatorlarla təmin etmək üçün Opel öz təchizatçısına malik olacaqdır. Bu, Almaniyanın Kayzerslautern şəhərindəki zavodu idarə edən, Stellantis, Opel, Total/Saft və Mercedes-Benz şirkətlərinin birgə müəssisəsi olan Automotive Cells Company (ACC) şirkətidir. Tədarüklərin başlanacağı 2025-ci ilə qədər müəssisənin istehsal gücünün ildə 32 gigavat-saata çatdırılması planlaşdırılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.