Bu gün Opel şirkəti rəsmi olaraq Crossland X modelini təqdim etmişdir. Subkompakt şəhər krossoveri olan Opel Crossland X modelinin kütləvi təqdimat mərasimi mart ayında keçiriləcək Beynəlxalq Cenevrə avtomobil sərgisində baş tutacaqdır.
Yeni krossover Meriva minivenini əvəz edəcək, eyni zamanda Opel və Vauxhall brendləri altında istehsal olunacaqdır.
Sonuncu Böyük Britaniyada satılacaqdır. Yeni modelin qabarit uzunluğu 4212 millimetr, eni – 1765 millimetr, hündürlüyü isə 1590 millimetrdir. Beləliklə, yeni krossover Mokka X modelindən 63 millimetr qısa, 17 millimetr ensiz və 68 millimetr alçaqdır. Crossland X modelinin baqajının həcmi 410 litr təşkil edir. Lakin, ikinci cərgənin oturacaqlarının 150 millimetr önə çəkilməsi nəticəsində bu həcmi 520 litrə qədər artırmaq mümkündür.
Əgər ikinci cərgə qatlanarsa baqaj bölümünün həcmi 1255 litrə qədər artmış olur. İkinci cərgənin oturacaqları 60:40 nisbətində qatlana bilir.
Opel Crossland X Peugeout 2008 modeli ilə eyni platformada yığılmışdır. O fransız krossoveri ilə nəinki eyni platformanı, hətta mühərrik çeşidini də bölüşdürür. Yeni krossover iş həcmi 1,2 – 2,0-litr arasında olan benzin və dizel mühərrikləri ilə təchiz ediləcəkdir ki, Crossland X modelinin top-variantı 180 at qüvvəsinə malik olacaqdır. Öndən çəkişli ötürmə ilə təklif edilən krossover mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Yeni modelin təchizatına naviqasiya sistemi və 8,0-düymlük sensorlu ekranı olan, həmçinin Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən İntelliLink multimedia sistemi, smartfonların induktiv doldurulma sistemi, Wi-Fi giriş nöqtəsi və Opel OnStar köməkçi sistemi daxil edilmişdir. Bundan başqa, krossoverin əlavə avadanlıq siyahısına proyeksiya displeyi, işıqdiodlarından hazırlanmış adaptiv ön fənərlər və müasir təhlükəsizlik sistemləri kompleksi daxildir.