Opel şirkəti mart ayında baş tutacaq Cenevrə beynəlxalq avtomobil sərgisində nümayiş etdirməyi nəzərdə tutuduğu GT konseptinin ikinci tizerini yayıb. Bir müddət bundan əvvəl alman şirkəti konseptin ilk tizerini dərc etmişdir. Yeni tizerdə konseptin ön tərəfinin dizaynı nümayiş etdirilir. Bu prototip, gələcəkdə Audi TT modelinə rəqib olacaq yeni kupenin carçısıdır. Dərc edilmiş ilk video-tizerdə Opel şirkətinin rəhbəri Karl-Tomas Noyman avtosalonda «yeni gözləri» olan avtomobil görəcəyimizi bildirmişdir. Alman markasının nümayəndələri həmçinin, prototipin yeni dizayn üslubu istiqamətini nümayiş etdirəcəyini də açıqlamışdırlar.
Bununla bərabər, yeni kupenin bir sıra dizayn elementlərini 2013-cü ildə Frankfurtda sərgilənən Monza konseptindən alacağı da istisna edilmir. Güman olunur ki, Opel GT avtomobili Astra modeli üçün istifadə edilən, öndən çəkişli, D2XX platformasında yaradılacaqdır.
Yeni kupenin mühərrik çeşidinə, tərkibində üç silindirli 1,0-litrlik benzin və 1,6-litrlik dörd silindirli dizel mühərrikləri də olan, bir neçə benzin və dizel turbomühərrikləri daxil olacaqdır.
Opel şirkəti bundan öncə də GT adl ilə model istehsal etmişdir. Opel GT kupesi ilk dəfə 1968-ci ildə işıq üzü görmüş və 1973-cü ilə kimi istehsal edilmişdir. 2007-ci ildə bu adla rodster debüt edərək 2010-cu ilə qədər buraxılmışdır.
Bu avtomobil, həmçinin Saturn və Daewoo brendləri altında da satılırdı. Avtomobilin seriya variantının 2018-ci ilə hazır olacağı və 25 min avroya satılacağı qeyd edilir.