Bildiyimiz kimi, Opel şirkəti Cenevrə avtomobil salonunda GT adlı konsepti təqdim etmək niyyətindədir. Artıq alman istehsalçı avtomobil haqqında müəyyən məlumatı və onun zahiri görkəmini göstərən təsvirləri də dərc etmişdir. Bunula belə, Opel avtomobilin interyeri və konseptdə əksini tapmış sistemlər barədə məlumat verməmişdir. Artıq alman şirkəti konseptin interyeri üzərində olan sirr pərdəsini də qaldırmışdır. Konseptual kupenin salonunda ilk növbədə diqqəti cəlb edən tutqun alüminiumdan hazırlanmış ön paneldir. Ön panelin yan tərəflərində xüsusi rəqəmsal monitorlar quraşdırılmışdır ki, bu monitorlarda yan görüntü güzgülərini əvəz edən kameraların görüntüləri əks etdirilir.
Avtomobilin bütün sistemləri, praktiki olaraq, sensorlu displey və səs komandaları vasitəsi ilə idarə edilir. Bundan başqa, GT konseptinin sürücüsü Human Machine İnterface («İnsan-maşın») adlanan mütərəqqi texnologiyadan da istifadə edə bilər.
Yeni texnologiya sürücünü identifikasiya edərək, həmin şəxsin nəqliyyat vasitəsi üçün nəzərdə tutduğu köklənmələri aktivləşdirir.
Opel GT konseptinin eksteryerinin və interyerinin dizaynı bu əfsanəvi avtomobilin ilk nəslinin dizaynı ilə oxşarlıq daşıyır. Bununla yanaşı, konseptdə əksini tapmış bir sıra elementlər iki il bundan qabaq Frankfurtda göstərilmiş Monza konseptindən alınmışdır.
İstehsalçı konseptin seriya variantının buraxılmasını nəzərdə tutmamışdır. Opel GT Concept alman markasının gələcək idman avtomobillərinin necə olacağı haqqında təssəvvür yaratmaq vəzifəsini daşıyır.
Arxadan çəkişli idman kupesinin çəkisi bir tondan azdır və avtomobil ön oxun arxasında yerləşdirilmiş 145 at qüvvəsi və 205 Nm fırlanma anı olan 1,0-litrlik benzin mühərriki vasitəsi ilə hərəkətə gəlir.