Opel şirkətinin rəhbəri Meri Barra Bohum şəhərində keçirilən simpoziumda alman istehsalçısının elektrik avtomobilini buraxacağını elan etmişdir. Ampera-e adlanan yığcam hetçbekin satışlarına gələn il start veriləcəkdir. Bu avtomobil alman şirkətinin 2020-ci ilə 29 yeni modelin buraxılması üzrə lahiyəsinin tərkib hissəsidir. Yeni avtomobil Opel şirkətinin model cərgəsində Ampera modelini əvəz etməlidir. Xatırladaq ki, iki il bundan əvvəl alman şirkəti Ampera modelinin buraxılışına son vermişdir. Səbəb kimi avtomobilin zəif satışları göstərilmişdir.
Opel Ampera modeli 160 at qüvvəsi olan elektrik motoru, generator rolunu oynayan 1,4-litrlik benzin mühərriki və 16 kilovatt-saatlıq batareyalar ilə təchiz edilirdi. Yalnız elektrik ötürməsi ilə avtomobil 60 kilometr məsafə qət etmək imkanına malik idi.
Alman şirkəti Ampera-e modelinin güc aqreqatı barədə məlumat verməsə də, dərc olunan fotoşəkillərdən yeni avtomobilin Opel nişanı altında buraxılacaq Chevrolet Bolt avtomobili olduğu görünür. Bildiyimiz kimi, Bolt modeli 200 at qüvvəli elektrik mühərriki və 60 kilovatt-saatlıq batareyalar dəsti ilə təchiz edilir. Elektrokar 0-dan 100 km/saat sürətini yeddi saniyəyə toplayır. Bolt modelinin maksimal sürəti 146 km/saat təşkil edir. Avtomobil yürüş ehtiyatı 320 kilometrdir. Batareyaların məişət şəbəkəsindən qidalanması prosesinə doqquz saat vaxt tələb olunur.
Chevrolet Bolt modeli ABŞ-da 37,5 min dollar təklif edilir. Çox güman ki, Opel Ampera-e modelinin texniki xarakteristikaları Bolt modeli ilə eyni olacaqdır. Hələlik istehsalçı avtomobilin Opel OnStar xidməti və döşəmənin altında yerləşən batareyalar dəsti ilə təchiz edildiyini bildirmişdir. Opel Ampera-e modeli haqqında geniş məlumat Cenevrə avtomobil sərgisində keçiriləcək rəsmi təqdimat mərasimində veriləcəkdir.