Vaxtı ilə Opel şirkəti Corsa və Astra hetçbeklərini, Insignia sedan və univarsalını, habelə Meriva və Zafira minivenlərini özündə birləşdirən “bərkgedən” OPC modellərini təklif edirdi. Lakin, “bərkgedən” modifikasiyalar tədricən markanın model cərgəsindən yoxa çıxdı. Məsələn, cari nəsil Insignia modeli gücü 260-dan 230 at qüvvəsinə qədər azaldılmış 2,0-litrlik turbomühərrik ilə təchiz edilən GSi daşıyan “qaynar” versiyaya malikdir, lakin “bərkgedən” Insignia OPC modelindən hələ də xəbər yoxdur.
Bununla birlikdə, şirkət özünün idman bölməsini unutmayıb: AutoExpress nəşrinin bildirdiyinə görə, tezliklə OPC versiyaları yenidən populyar modellər üçün təklif olunacaqdır - özü də yeni formatda.
Opel Mokka-e
Yenidən canlandırılan OPC çeşidinin ilk modeli Opel Mokka-e elektrik krossoveri olacaqdır, onun əkiz qardaşı olan Vauxhall Mokka-e modeli isə, öz növbəsində, oxşar VXR modifikasiyasını əldə edəcəkdir.
Bununla birlikdə, Mokka OPC/VXR modelinin standart krossoverdən daha güclü olmayacaqdır:şirkət, ön oxu hərəkətə gətirən 136 at qüvvəli elektrik mühərriki və 50 kilovat-saatlıq batareya ilə təchiz edilən standart modelin dinamik xüsusiyyətlərinin kifayət qədər yaxşı olduğunu hesab edir.
Opel Mokka-e
Yəqin ki, mühərrik və batareya dəyişilməz qalacaq, texniki yenilənmələr asqı və sükan mexanizminin tənzimləmələrinə təsir göstərəcəkdir. Zahiri cəhətdən OPC və VXR modifikasiyalarını daha aqressiv kuzov dəsti və xüsusi təkər diskləri sayəsində tanımaq mümkün olacaqdır. Salonda standart oturacaqların yerini idman kresloları tutacaqdır.
Mokka-e modelinin top versiyasının debütü 2022-ci ilin əvvəlinə planlaşdırılır, onun ardınca OPC modelləri çeşidini Corsa hetçbeki, Zafira Life miniveni və yeni Astra modeli tamamlayacaqdır. Yeni nəsil Opel Astra hetçbekinin təqdimatı bu il baş tutmalıdır.
Peugeot 508 Sport Engineering
Üstəlik, ilkin məlumata görə, Astra OPC modeli 300 at qüvvəli yenidən doldurula bilən hibrid şəklində də əlçatan olacaqdır. PSA konserninin platformasına əsaslanacaq yeni Astra modelinin Peugeot Sport Engineered bölməsinin hazırladığı və 508 Sport Engineering modelinin də təchiz edildiyi 360 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən hibrid güc qurğusunu alması da mümkündür.