Corsa modelinin Opel markası üçün əhəmiyyətindən danışmaq yersizdir. Hər kəs Corsa modelinin alman istehsalçısı üçün çox vacib olduğunu bilir. Bu model Opel şirkətinin Avropadakı əsas silahlarından biridir desək, yanılmarıq.
Dünən altıncı nəsil Opel Corsa hetçbekinin İnternet şəbəkəsinə sızdırılmış rəsmi fotoşəkillərini dərc etmişdik. Bu gün bu mövzunu davam etdirərək yeni hetçbek barədə müəyyən məlumatla bölüşmək istərdik. Cari Corsa E modeli Avropanın yığcam hetçbeklər seqmentinə olan ən yaşlı modellərdən biridir. 2014-cü ildə debüt etmiş modeli 2006-cı ilin Corsa D modelinin yenilənmiş versiyası saymaq olar.
Məlum olduğu kimi, alman istehsalçısı bu ilin payızında keçiriləcək Frankfurt avtosalonunda Corsa modelinin altıncı nəslini nümayiş etdirəcəkdir. Yeni Corsa Opel şirkətinin PSA Peugoet Citroen qrupunun qanadı altında inşa etdiyi ilk modeldir və məlum məsələdir ki, artıq yeni modeldə GM aqreqatlarından əsər-əlamət qalmayıb.
Başlayaq platformadan. Yeni Opel Corsa PSA Peugeot Citroen tərəfindən yaradılmış Common Modular Platform (CMP) modul platformasında inşa edilib. Yeni hetçbekin ölçüləri də dəyişib – onun qabarit uzunluğu 4060 millimetrdir. Avtomobilin təkər bazası 28 millimetr artıb, hündürlüyü isə 48 millimetr azalıb. Corsa sələfindən bir qədər enli olub.
Hələ aprel ayında Opel yeni modelin baza versiyasının əvvəlkindən 108 kiloqram yüngül olduğunu bildirmişdi. Beləliklə, ən əlçatan təchizata malik olan hetçebkin çəkisi 980 kiloqrama bərabərdir. Yeni hetçbekin salonu da bir gədər geniş məkan təklif edir. Baqaj bölümünün həcmi 285 litrdən 309 litrə qədər artırılıb.
Corsa modelinin kapotunun altına 75-128 at qüvvəsi arasında güc diapazonuna malik olan 1,2-litrlik benzin mühərriki, həmçinin 99 at qüvvəli 1,5-litrlik dizel aqreqatı yerləşəcəkdir. Əlbəttə ki, eCorsa elektrokarını da yaddan çıxarmaq lazım deyil. Corsa modelinin təchizatına 16-18 düym arasında diaqonala malik olan təkər diskləri və matrisa tipli IntelliLux LED-fənərlər də daxil ediləcəkdir.
Sonunda isə ən əsas məqamı diqqətinizə çatdırmaq istərdik – yeni Opel Corsa noyabr ayında satışa çıxarılacaqdır.