Opel yenilənmiş iki ölçülü loqotipi və alman markasının firma sarı rəngini təqdim edib. Bundan əlavə, alman markası Opel Next adlandırılmış öz şriftini hazırlayıb.
BMW, Volkswagen və Nissan şirkətlərindən sonra, Opel də rəqəmsal əsrə sadiqliyini vurğulayaraq 3D formatlı emblemdən imtina edib. Yeni 2D loqotipində əsas aksent firma ildırımına edilib. Sonuncu incə halqa sayəsində daha önəçıxan olub. Opel nümayəndələrinin sözlərinə görə, yeni loqotip “markanın innovativliyini və mobilliyini” tərənnüm edir.
Ənənəvi ağ rəngin əvəzinə, şirkətin yeni korporativ rəngi parlaq sarı olub. Marka nümayəndələrinin bildirdiyinə görə, bu rəng daha tanınan və yaddaqalan, eyni zamanda Opel markasının başlatdığı elektrikləşdirmə əsrini tərənnüm edir. Bundan başqa, markanın adı artıq Opel Next adlanan "yüngül və eyni zamanda enerjili" şriftlə yazılacaqdır.
Yeni emblem alacaq ilk Opel avtomobili Peugeot 2008 modelinin platformasında inşa edilmiş Crossland krossoveri olacaqdır. Bu modelin Avropadakı satışlarına 2021-ci ildə başlanacaqdır.