Bu yaxınlarda Çin bazarında satışa çıxmış yeni Chery Arrizo 8 sedanının birbaşa rəqibi peyda olub. Yeni Changan Lamore modeli ölçüləri, xüsusiyyətləri və bazar mövqeyinə görə Arrizo 8 modelinə mümkün qədər yaxındır. Lamore bugünkü C və D sinifləri arasında yer alan nisbətən böyük və geniş, lakin ucuz sedandır.
Changan Lamore Uni ailəsinin bütün xarici əlamətlərinə malikdir və Uni-V liftbəkinə bənzəyir: hər iki model çərçivəsiz radiator barmaqlığına və onun üstündə yerləşən fənərlərə, irəli çıxan qapı tutacaqlarına və hamar yan divarlara malikdir. Baza versiyasında 18-düymlük təkər diskləri, bahalı versiyalarında isə, baqajın qapağında quraşdırılmış spoyler olacaqdır.
Changan Lamore modelinin uzunluğu 4770 millimetrdir. Beləliklə, yeni Çin sedanı Corolla modelindən 140 millimetr uzun, Camry sedanından isə 115 millimetr qısadır. Bununla belə, yeni Çin sedanı təkər bazasının ölçüsünə görə Camry modelindən cəmi 50 millimetr geri qalır: onun oxları arasındakı məsafə 2765 millimetrdir. En (1840 millimetr) və hündürlük (1440 millimetr) baxımından Lamore ilə Camry modeli arasındakı fərq o qədər də ciddi deyil.
İnteryer tərtibatında Uni modellərinin arxitekturasından istifadə olunur. İlk növbədə, bu, oval sükan çarxı və əlavə yan bölmələri olan virtual cihazlar panelidir. Media sisteminin ekranı isə, portret istiqamətləndirməsinə malikdir.
Multimedia sistemini səs və jestlərlə idarə etmək olar, həmçinin sürücünü izləmə funksiyası da var: onun diqqəti avtomobili idarə etməkdən yayınarsa, elektronika həyəcan siqnalı verməyə başlayacaqdır.
Təchizata tək zonalı klimat-kontrol, elektriklə tənizmlənən ön oturacaqlar, panoram dam və dairəvi müşahidə kameraları daxildir. Arxa sərnişinlər üçün isə yalnız mərkəzi havalandırma deflektoru nəzərdə tutulub.
Kapotun altında Blue Core ailəsindən olan birbaşa püskürtməli 1,5-litrlik “turbodördlük” var. Mühərrik 170 at qüvvəsi və 260 Nm fırlanma anına malikdir. Güc aqreqatı iki muftalı yeddi pilləli “robot” ilə tandemdə çalışır. Daha sonra 2,0-litrlik mühərriklə təchiz olunmuş versiyanın debüt edəcəyi gözlənilir. Hibrid versiya barədə məlumat verilməyib.
Changan Lamore sedanlarının Çin bazarında satışına 2023-cü ilin birinci yarısında başlanmalıdır. Changan modelinin qiymət diapazonunun Chery Arrizo 8 ilə eyni olacağı gözlənilir. Sonuncu Çində 15-19 min dollar arasında qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.