Yeni nəsil Chevrolet Corvette modelinin bu ilin 18 iyul tarixində debüt edəcəyi artıq məlumdur. Üstəlik, Corvette ilk dəfə olaraq ortamühərrikli quruluşa malik olacaqdır. Bu günlərdə MidEngineCorvetteForum.com saytı yeni sportkarın debüt edəcəyi məkanı da açıqlayıb – Cənubi Kaliforniya, Orange County. Bu məlumatı Chevrolet şirkəti də təsdiqləyib.

Bu əlamətdar hadisəni qeyd edən Chevrolet şirkəti eksperimental ortamühərrikli Corvette modellərinin də əks etdirildiyi videoçarxı dərc edib. Bu çarxda Chevrolet tarixə müraciət edərək keçmişin bir sıra yaddaqalan avtomobillərini nümayiş etdirib. Bu avtomobillərin arasında öz vaxtı üçün unikal texnologiyalar ilə təchiz edilmiş Chevrolet Engineering Research Vehicle (CERV) seriyasından olan sınaq prototipləri, yarış texnologiyalarının sınaqdan çıxarıldığı 1963-cü ilin ortamühərrikli Corvette GS-II yarış avtomobili və tam çəkiş sisteminə, tam idarələnən şassiyə və aktiv asqıya malik olan Corvette Indy konseptini görmək olar.

Bu çarxda yeni Chevrolet Corvette modelinin prototipi Nurburqrinqdə şütüyür ki, bu da amerikan istehsalçısının bu trekin yeni rekordunu qeydə almaq arzusundan xəbər verir. Hazırda ən yaxşı zaman 659 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən 6,2-litrlik mexaniki üfürməli V8 mühərriki və mexaniki qutu ilə təchiz edilmiş Chevrolet Corvette C7 Z06 modelinə məxsusdur. O, 2017-ci ildə “Şimal ilgəyindəki” dövrəni 7 dəqiqə 13,90 saniyə zamanla başa vurub.