Toyota pilotu Ott Tyanak Dünya ralli çempionatının Almaniyada keçirilən mərhələsində qələbə çalaraq pilotlar birinciliyindəki mövqeyini möhkəmləndirib. Bu qələbə eston pilotun bu mövsümdəki beşinci qələbəsidir. Tyanakla birlikdə podiuma onun komanda yoldaşları Kris Mik və Yari-Matti Latvala qalxıblar. Beləliklə, Almaniyada podium tamamilə Toyota heyətlərindən ibarət olub.
Tyanak Almaniya Rallisinin ilk günündən liderliyə yüksəlib və sona qədər birinciliyi əldən verməyib. Toyota Yaris hetçbekinin Almaniyanın asfalt doplarındakı üstünlüyü şənbə gününün axşamı özünü büruzə verməyə başlayıb. Yapon markasının pilotları bazar günü keçirilmiş dörd qopdan birində qələbə qazansalar da, bu ümumi vəziyyəti dəyişməyib.
Son gün liderə 31 saniyə uduzan Kris Mik ara məsafəsini 11 saniyə azaltsa da, rallini ikinci bitirib. Yari-Matti Latvala isə üçüncü yeri qorumağa müvəffəq olub. Məhz Yari-Matti son bonus XH-də ən güclü Toyota pilotu olub. Tyanak bonus XH-ni yalnız səkkizinci yerdə bitirib.
Bazar gününün qəhrəmanı isə, Hyundai pilotu Tyerri Nyövil olub. Yarışı dördüncü davam etdirən komanda yoldaşı Dani Sordoya çatmaq istəyən belçikalı son üç xüsusi hissədə qalib gəlib. Lakin, bu uğur ona kömək etməyib – Tyerri rallini beşinci olaraq bitirib. Liderlər qrupunda yeganə dəyişiklik altıncı yer uğrunda mübarizədə baş verib: Hyundai pilotu Andreas Mikkelsen səhvə yol verərək, Citroen pilotu Esapekka Lappini irəli buraxıb.
Qüvvədə olan dünya çempionu Sebastyen Ojye avtomobilindən narazı qalıb və yarışı səkkizinci olaraq bitirib. Çempionatın bitməsinə dörd mərhələ qalmış Ott Tyanak ilə Ojye arasındakı xal fərqi 42-yə yüksəlib.