Toyota komandasının estoniyalı pilotu Ott Tyanak Dünya ralli çempionatının ikinci mərhələsi olan İsveç Rallisində qalib gəlib. İsveç Rallisinin final günü Tyanak rəqibləri üzərində sanballı üstünlüyə malik olub. O, ən yaxın rəqibini 54,5 saniyə üstələyib. Bazar günü keçilməli olan qısa məsafə estoniyalıya risq etmədən finişə çataraq, karyerasındakı yeddinci qələbəsini əldə etməyə imkan verib.
Bazar günü isə, əsas mübarizə Esapekka Lappi və Hyundai heyətləri arasında gedib. Səhər tezdən Citroen komandasının fin pilotu tempi artıraraq, ilk üçlükdə nəticələri qeydə alıb və elə də ciddi çətinlik çəkmədən Andreas Mikkelseni və Tyerri Nyövili üstələyib. Hər şey Power Stage mərhələsində həll edilməli idi. Sürətdə Nyövildən geri qalan Lappi rəqibi ilə üç saniyəlik məsafəni qorumağa müvəffəq olub. Mikkelsen isə, dördüncü nəticə ilə barışmaq məcburiyyətində qalıb. O, çətinliklə olsa da. M-Sport pilotu Elfin Evansı üstələyib.
«Bonus» hissəsində isə ən yeyin pilot Ott Tyanak olub: o, ikinci finiş görən Nyövili 3,5 saniyə üstələyib. Üçüncü zamanı isə Evans göstərib. Qalan üç xalı Sebastyen Ojye və Lappi bölüşdürüblər. Sebastyen Lyöb isə. altıncı yer uğrunda mübarizədə Kris Miki üstələyə bilməyib və yeddinci yerdə finiş görüb.
Dünya ralli çempionatının ikinci mərhələsindən sonra Ott Tyanak liderliyi ələ keçirib. İkinci yerdə 7 xal fərqlə Tyerri Nyövill qərarlaşıb. Ojye Nyövilldən 9 xal geridə qalaraq üçüncü yerdədir. Tyanakın və Mikin nəticələri Toyota komandasını birinciliyə yüksəldib. İkinci yerdə Hyundai, üçüncü yerdə isə Citroen komandasıdır. Ford sonuncu yerdədir.