Dünya ralli çempionatında çıxış edən Toyota Gazoo komandası estoniyalı Ott Tyanak ilə müqavilə imzaladığını rəsmi olaraq təsdiq edib. Əslində bu keçiddə təəccüblü bir şey yoxdur. M-Sport komandası nə qədər də uöurlu olsa da, zavod dəstəyi olmayan özəl komandadır. Hər bir ralli pilotu isə gələcəyini təminat altına almaq üçün zavod komandasında çıxış etməyə can atır.

Bu mövsümdə M-Sport komandasının şərəfini qoruyan estoniyalı pilot, gələn mövsümdə Yari-Matti Latvala və Esapekki Lappinin komanda yoldaşı olacaqdır.  Beləliklə, Ott Tyanak komandada Yuho Hannineni əvəz edəcəkdir. Sonuncu, böyük ehtimalla, mövsümün final yarışı olan Avstraliya Rallisində çıxış etməyəcəkdir. «Ottla müqavilə bağlamaqdan çox məmnunuq, - Toyota komandasının rəhbəri Tommi Myakinen bildirib. - Biz onun uğurlarını çoxdan izləyirik. Tyanak gəncliyin təcrübə ilə vəhdətini tərənnüm edir. O, bizim komandaya uyğundur. Toyota Yaris WRC avtomobili kimi Ott da ondan gözlənilənləri artıqlaması ilə nümayiş etdirib. Onun bizim avtomobillə bütün rallilərdə yeyin və sabit olacağından adım kimi əminəm».

Xatırladaq ki, mövsümün bitməsinə iki yarış qalmış, Ott Tyanak yalnız komanda yoldaşı Sebastyen Ojyedən bir neçə xal geridə qalaraq ümumi birincilikdə ikinci yeri tutur.