«Auto Express» dərgisinin yaydığı xəbərdə Mini şirkəti üç qapılı Paceman krossoverinin birbaşa davamçısını buraxmaq niyyətinin olmadığı bildirilmişdir. Onun əvəzinə britaniyalı istehsalçı alçaq tavan xətti olan beş qapılı krossover buraxmaq niyyətindədir.
Yeni krossover Countryman xəttinin tərkibinə daxil olacaqdır. Bu barədə məlumatı dərgiyə BMW şirkətinin şef-dizayneri Ədriən van Hoydonk vermişdir. «Bizim bütün kupeşəkilli krossoverlərimiz beş qapılısdırlar. Baxmayaraq ki, belə avtomobildə maksimum iki şəxs səfər edir, lakin müştərilərimiz arxa qapının təmin etdiyi rahatlığı əldə etməyi üstün tuturlar», - deyən Hoydonk məsələyə aydınlıq gətirmişdir. Yeni krossover sonuncu Mini modellərinin və BMW 2-Series Active Tourer modelinin yaradılmasında istifadə edilən UKL1 öndən çəkişli platformada istehsal ediləcəkdir. Kupeşəkilli krossoverin mühərrik çeşidinə Countyman modeli üçün təklif edilən bütün aqreqatlar daxil ediləcəkdir. Bunlar, 136 - 192 at qüvvəsi arasında gücə malik olan üç və dörd silindirli turbomühərriklərdir. Ehtimallara görə, Paceman modelini əvəz edəcək Countryman modelinin yeni variantı 2018-ci ildə işıq üzü görəcəkdir.