Pagani şirkəti iki il əvvəl yeni Utopia modelini təqdim etsə də, Huayra hiperkarının müxtəlif variantlarını buraxmağa davam edir. Bu dəfə 2022-ci ildə təqdim edilmiş və o zaman hiperkarın vida versiyası sayılan xüsusi Huayra Codalunga modelinin açıq versiyası nümayiş olunub.

Codalunga adı italyan "coda lunga" (tərcümədə "uzun quyruq") sözlərinin birləşməsindən yaranıb. Pagani Huayra Codalunga hiperkarı Huayra modelinin bütün digər versiyalarından 360 millimetr uzadılmış arxa kuzov çıxışı ilə fərqlənir, onun dizaynı isə, 1960-cı illərin idman avtomobillərinin üslubunda tərtibata malikdir. Speedster stasionar damını itirib, onun əvəzinə ortasında şəffaf əlavəsi olan çıxarıla bilən sərt tavanı əldə edib. Monokokun güc strukturu yenidən işlənib, üstəlik, "uzunquyruqlu" avtomobilin hər iki versiyası da özünəməxsus kuzov panellərinə malikdir.

İnteryerin tərtibatı da 20-ci əsrin ortalarında mövcud olan idman avtomobillərinə aydın istinadlarla doludur. Sükan çarxında ağacdan əlavələr var, mərkəzi tunel və ön panel isə, kuzov rənginə boyanıb. Salonun tərtibatında metal hissələrdən və əl ilə tikilmiş orijinal dəridən istifadə olunur. İntyeryerin ən diqqət çəkən elementi - mexaniki transmissiyanın açıq mexanizmi olan dəstəyidir.

6,0-litrlik AMG V12 biturbo mühərrikinin gücü Codalunga kupesindəki 840 at qüvvəsinin əvəzinə 864 at qüvvəsinə qədər artırılıb. Fırlanma anı dəyişməyib - 1100 Nm. Yeddi pilləli Xtrac ötürmələr qutusu həm mexaniki, həm də robotlaşdırılmış versiyalarda (AMT) təklif olunur. Bütün dartma qüvvəsi arxa oxa yönəldilir. Codalunga Speedster modelinin quru çəkisi kupe ilə müqayisədə hətta bir qədər azalıb – 1280-nə qarşı 1270 kiloqram. Maksimal sürət elektronika tərəfindən 350 km/saat həddində məhdudlaşdırılıb, ilk “yüzlüyə” sürətlənmə vaxtı açıqlanmayıb.
Codalunga kupesi beş nüsxədə istehsal olunsa da, Pagani Huayra Codalunga Speedster rodsteri 10 nüsxəlik tirajla buraxılacaq. Rosdterlərin istehsalına şirkətin Grandi Complicazioni fərdiləşdirmə departamenti cavabdehdir, yəni fərdiləşdirmə seçimləri sonsuzdur: müştəriləri həddindən artıq parlaq və gülünc stilistik istəklərindən çəkindirən oxşar Ferrari proqramından fərqli olaraq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.