Uzunmüddətli tizer kampaniyasından sonra, Pagani şirkəti nəhayət ki, çoxdan gözlənilən yeni superkarı təqdim edib. Bu superkar Huayra R adlı trek avtomobilidir. Berlinetta sələfi olan Zonda R trek superkarının kanonlarına uyğun olaraq inşa edilib, 12-silindrli atmosfer mühərriki ilə təchiz olunub və 2,6 milyon avroya satılır.
Huayra modelinin ən ekstremal versiyası sayılan Pagani Huayra R modeli, quraşdırılmış yarış “çala”oturacaqları olan yeni monokokun ətrafında inşa edilib. Şassi Carbon-Titanium HP62-G2 (karbon-titan) və Carbo-Triax HP62 (karbonun, ABS plastikinin və poliamidin qarışığı) kompozitlərindən hazırlanmış, təhlükəsizlik qəfəsi ilə möhkəmləndirilmiş və enerji udma zonaları ilə təchiz edilmişdir. Xrom-molibden hazırlanmış polad ramaltılar xüsusi olaraq trek üçün yaradılıb, üstəlik arxadakı altlıq mühərrik və transmissiya ilə birlikdə güc strukturunun bir elementidir.
Pagani Huayra R modelinin kuzovunun burulma və əyilmə sərtliyi, adi Huayra modeli ilə müqayisədə 16 və 51 faiz nisbətində daha çoxdur. Superkarın çəkisi cəmi 1050 kiloqramdır – bu, infernal Pagani Imola modelində olduğundan 196 kiloqram azdır. Qənaətin 198 kiloqramı HWA AG komandası ilə əməkdaşlıqda hazırlanmış V12 atmosfer mühərrikinin payına düşür. Aqreqat Pagani V12-R adlanır və hər 10.000 kilometrdən bir texniki baxım tələb edir. İstehsalçının bildirdiyinə görə, bu aqreqat mövcud olan heç bir seriya mühərrikinə əsaslanmır.
6,0- litrlik V12 mühərriki 850 at qüvvəsi və 775 Nm fırlanma anı hasil edir, yəni hasilat baxımından Huayra R superkarı Zonda R Evoluzione (760 at qüvvəsi və 712 Nm) modelini üstələyir. Mühərrik doqquz min dövr/dəqiqəyə qədər fırlanır və istiliyədavamlı İnkoneldən hazırlanmış buraxılış magistralı ilə təchiz edilir. Bərabər uzunluğa malik olan saxsı örtüklü borular keçmişdəki Formula 1 bolidlərinin səsinə bənzər səsləri çıxardır. Səs-küy səviyyəsinin məhdudiyyəti olan treklərdə istifadə üçün, səsboğucunun quraşdırılması da nəzərdə tutulub.
Pagani Huayra R modeli, əlbəttə ki, arxa ötürməlidir. Dartma qüvvəsi təkərlərə sinxronizatorlar olmayan və metal-saxsıdan hazırlanmış üçdiskli muftası olan sekvental qutus vasitəsi ilə ötürülür. Superkarın asqısı döymə alüminiumdan hazırlanmış ikiqat köndələn qollar üzərində qurulub və spiral yayları olan elektron amortizatorlar ilə tamamlanıb. Əyləclər - yarış qəlibləri ilə karbon-saxsı Brembo CCM-R mexanizmləridir. 19-düymlük APP monoblok döymə təkər disklərinə, xüsusi olaraq hazırlanmış 275/675 R19 və 325/705 R19 ölçülü Pirelli P Zero şinləri taxılmışdır.
Avtomobilin dinamik xüsusiyyət açıqlanmayıb, buna görə də, digər Pagani avtomobillərinə diqqət yetirmək gərəkdir. Beləliklə, Zonda R Evoluzione 100 km/saat həddinə 2,7 saniyədə sürətlənir və 350 km/saatlıq maksimal sürət həddinə malik idi. Mercedes-AMG istehsalı olan 6,0-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gələn Imola kupesinin göstəriciləri, müvafiq olaraq, 2,8 saniyə və 370 km/saatdır.
Pagani Huayra R modlinin digər vacib tərəfi də inkişaf etmiş aerodinamikasıdır. Superkar üçün xüsusi olaraq, ön oxu yerəbasma gücü ilə təmin edən ön tərəfdəki hava kanallarını, kapotdakı səthləri və qanadlardakı kəsikləri dəyişdirmək gərək olub. Quraşdırılmış “üzgəci” olan damdakı hava girişi və zərif arxa antiqanadı dayağın bir hissəsi olub - Horasio Pagani bunu emosiyalar yönəldilmiş funksional dizayn adlandırır. Huayra R modelinin aerodinamik dayağı 320 km/saat sürətində, arxa oxun xeyrinə 46-nın 54 faizə nisbətində paylanan bir ton yerəbasma gücünü yaradır.
Pagani şirkəti Huayra R modelinin salon tərtibatını açıqlanmayıb, ancaq interyerin hər bir detalının idarəetmədən unudulmaz təcrübə əldə etmək üçün yaradıldığını bildirib. Məsələn, burada sükanaltı “avarları” olan, hündürlüyə və uzununa görə tənzimlənən tez çıxarıla bilən sükan çarxı var. Sükan üzərindəki düymələr vasitəsi ilə ABS sisteminin işini və trəkşn-kontrolu geniş aralıqda tənzimləmək mümkündür. Əlavə olaraq, AP Racing ilə birlikdə, superkar üçün xüsusi olaraq tənzimlənən pedal qovşağı hazırlanıb. Huayra R trek telemetriya sistemi ilə də təchiz edilir.
Bütün bu göstərilənləri cəmi 30 nəfər qiymətləndirə biləcək - Pagani Huayra R superkarı məhz bu sayda tirajla buraxılacaqdır. Çox güman ki, bu rəqəm, istehsalçının gələn il qeyd ediləcək yubileyi ilə əlaqəlidir. Avtomobilin qiyməti vergilər nəzərə alınmadan 2,6 milyon avro təşkil edir. Bu qiymətə Arte In Pista yarış tədbirlərinə dəvət də daxildir. Bu tədbirlər həm fərdi trek günlərindən, həm də Pagani komandası və peşəkar pilotların dəstəklədiyi, Şimali Amerika, Avropa, Asiya və Yaxın Şərqdən olan müştərilər üçün təşkil edilən qrup yürüşlərindən ibarətdir.