Pagani şirkəti bir il yarım bundan əvvəl yeni Utopia modelini təqdim etsə də, Huayra modelinin təqaüdə göndərməyə tələsmir. Keçən ilin payızında ekstremal Huayra hiperkarının açıq versiyası olan Imola Roadster hiperkarı təqdim olunub. Bu hiperkar Huayra R trek modelində sınaqdan keçirilmiş bir çox həlləri alıb. İndi isə məlum olub ki, Imola Roadster bu ailədəki sonuncu versiya deyil, çünki Pagani daha ekstremal hiperkarı - Huayra R Evo trek versiyasını təqdim edib.

Yeni hiperkarın adi R versiyasından əsas fərqi, əlbəttə ki, 190 millimetr uzadılmış quyruğudur (codalunga). Üstəlik, çıxarıla bilən dam panelləri də nəzərdə tutulub və ən maraqlısı odur ki, onlar olmadan yerəbasma qüvvəsi 5% artır. Üstəlik, splitterin 101 millimetr irəli çəkilməsi və “codalunga” sayəsində, yerəbasma qüvvəsinin ümumi artımı 45% olub, hava müqaviməti isə, 21% azalıb. Nəticədə 320 km/saat sürətində yerəbasma qüvvəsi avtomobilin öz çəkisini üstələyir. Şassi gücləndirilmiş Carbo-Titanium HP62-G2 və Carbo-Triax HP62 materiallarından hazırlanıb ki, bu da avtomobilin çəkisini saxlamaqla yanaşı, kuzovun burulmaya qarşı sərtliyini 38% artırmağa imkan verib.

AMG V12-R 6.0 atmosfer mühərriki HWA AG mühəndislik bürosu ilə birlikdə yenidən işlənib. Əgər Huayra R modelində bu aqreqat 850 at qüvvəsi və 750 Nm hasil edirsə, Evo versiyası üçün onun hasilatı 900 at qüvvəsi və 770 Nm-ə çatdırılıb! Arxa ötürmə və 80 kiloqram ağırlığında olan altı pilləli sekvental ötürmələr qutusu saxlanılıb. Pagani Huayra R Evo hiperkarının boş çəkisi 1060 kiloqram, maksimal sürəti isə 350 km/saatdır.

Şassi ciddi şəkildə təkmilləşdirilib. Əsas yenilik – Koenigsegg Triplex sisteminə bənzəyən və  hər bir oxda quraşdırılmış, titrəyişləri söndürən xüsusi hidravlik amortizatorlarıdır. Onlar ənənəvi amortizatorlardan yükün bir hissəsini götürmək üçün nəzərdə tutulub ki, bu da yüksək həssaslığa və sükan idarəetməsinin dəqiqliyinə zəmanət verir. Bu elementlərin tətbiqi şassinin bütün elastokinematikasına yenidən baxılmasını tələb edib, lakin elektron idarələnən amortizatorları olan ikiqollu asqı saxlanılıb.

Yeni havalandırmalı Brembo CCM-R karbon-keramika diskləri, habelə Evo versiyası üçün xüsusi hazırlanmış və təmas sahəsi 14% artırılmış əyləc qəlibləri də peyda olublar. Təkər disklərinə ön tərəfdə 280/680 R19, arxada isə 345/725 R20 ölçüsü olan xüsusi hazırlanmış Pirelli P Zero slikləri taxılıb – bu şinlər “yaş” və “quru” spesifikasiyalarda mövcuddurlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pagani şirkəti Huayra R Evo modelinin əlçatanlığı barədə heç bir məlumat verməyib: nə onun qiyməti, nə də tirajı açıqlanıb. Bununla belə, varlı həvəskarlar (baza Huayra R modelinin qiyməti 2,6 milyon avrodan başlayır) yəqin ki, Evo versiyasına sifarişləri rəsmiləşdiriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.