Bir çoxları biz avtomobil jurnalistlərinin işinin başdan-ayağa kef olduğunu düşünürlər. Qıraqdan baxanda, əlbəttə ki, belə görünür - müxtəlif ölkələri gəzirsən, avtomobilləri sürürsən, ziyafətlərdə iştirak edirsən. Lakin, necə deyərlər medalın əks tərəfi də mövcuddur. Götürək uçuşları. Bəzən iki, hətta, üç hava limanı dəyişmək məcburiyyətindəsən. Elə zamanlar olur ki, yatmadan iki gün havada olursan. Bəzən isə, reyslər arasında on saat gözləyirsən də - ələlxüsus, bu fasilə gecəyə düşdükdə daha çətin olur.
Bu günlərdə Xorvatiyanın Dalmatiya bölgəsinin Trogir şəhərində təşkil edilmiş Porsche Panamera Sport Turismo modelinin testlərinə, ümumilikdə (uçuş və qayıdış) Moskvanın Şeremetyevo hava limanında 19 saatlıq fasiləsi olan marşrutla uçmalı oldum.
Adriatik dənizi sahilinin mərkəzi hissəsində yerləşən Trogir şəhəri digər iri Split şəhərinin 27 kilometrliyindədir. Şəhərin əsasını eramızdan əvvəl ikinci əsrdə yunanlar qoyublar. Şəhərin tarixi mərkəzi adada yerləşir, və materiklə körpülər vasitəsi ilə birləşdirilir. Trogirin ən baxımlı və gəzməli yeri də məhz onun kiçik mərkəzi hissəsidir.
Trogirin gəlirinin əsas hissəsini turizmdən gələn gəlir formalaşdırılır. Bu şəhərdə olduğumuz ərzində başımızın üzərindən uçan təyyarələri saysaq, kurortun çox populyar olduğu qənaətinə gəlmək olar. Bundan əlavə, yerli əhali balıqçılıqla və yaxtaların tikintisi ilə də məşğul olur. Şəhəri gəzərkən yerli tərsanədə sahiblərini gözləyən çoxlu sayda irili-xırdalı yaxtaları gördük.
Tədbirin təşkilatçıları Trogir şəhərinə Porsche Panamera modelinin hər iki kuzovlu variantını gətirmişdilər.
Altı avtomobildən yalnız ikisi benzin güc aqreqatı ilə təchiz edilmişdi. Qalan avtomobillər isə hibrid güc qurğusuna malik idilər. İxtiyarımıza iki ədəd Panamera Turbo Sport Turismo və iki ədəd Panamera 4 E-Hybrid Sport Turismo modelləri, həmçinin iki ədəd ən dəbdəbəli və güclü Panamera Turbo S E-Hybrid Executive Edition liftbekləri verilmişdi.
Əlbəttə ki, test iştirakçılarını ilk növbətə Sport Turismo modeli maraqlandırırdı. Yeni Panamera Sport Turismo modeli ikinci nəsil Porsche Panamera modelinin bazasında hazırlamışdırlar. Sport Turismo modelinin qabarit uzunluğu 5049 millimetr, eni - 1937 millimetr, hündürlüyü isə 1428 millimetrdir.
Avtomobilin təkər bazasının uzunluğu 2950 millimetr təşkil edir. Beləliklə, yeni model Panamera liftbeki ilə eyni ölçülərə malikdir. Yeganə fərq avtomobillərin hündürlüyündədir - universal liftbekdən 5 millimetr hündürdür. Porsche Panamera Sport Turismo modelinin baqaj bölümünün həcmi 520 litr təşkil edir. Bu liftbek modelində olduğundan 20 litr çoxdur.
Avtomobilin hibrid güc aqreqatı ilə təchiz edilmiş variantda bu rəqəm 425 litrə bərabərdir. Oturacaqların qatlanması halında isə baqajın həcmi müvafiq olaraq 1390 və 1295 litrə qədər artır. İstehsalçı Sport Turismo modelini 4+1 formulu üzrə oturacaqlara malik olan avtomobil kimi səciyyələndirir. Porsche nümayəndələri Panamera Sport Turismo modelinin arxa hissədə üç oturacağı olan ilk Panamera modeli olduğunu vurğulayıblar. Əlbəttə ki, iki ayrı oturacağı olan ikinci cərgəni də sifariş etmək mümkündür.
Universal baqaj qapağının yuxarı hissəsində quraşdırılmış aktiv spoylerlə təchiz edilmişdir ki, 170 km/saat həddinə kimi sürətlərdə bu spoyler yeddi dərəcə aşağı enərək kuzovun aerodinamik müqavimətini azaldır. 170 km/saat həddini aşdıqda isə, əksinə olaraq, spoyler bir dərəcə yuxarı qalxır. Sport və Sport Plus rejimləri aktiv edildikdə spoyler 90 km/saat sürətində avtomatik olaraq yuxarı qalxır. Bu qanaddan, eyni zamanda, səs səviyyəsinin azaldılması üçün də istifadə edilir. 90 km/saat sürətində açıq lyukla hərəkət edən zaman, qanad 26 dərəcə yuxarı qalxaraq salona daxil olan səsin azaldılmasını təmin edir.
Porsche Panamera Sport Turismo beş modifikasiyada təklif edilir: Panamera 4 Sport Turismo (330 at qüvvəsi), Panamera 4 E-Hybrid Sport Turismo (462 at qüvvəsi), Panamera 4S Sport Turismo (440 at qüvvəsi), Panamera 4S Diesel Sport Turismo (422 at qüvvəsi) və Panamera Turbo Sport Turismo (550 at qüvvəsi).
İlkin olaraq, test edəcəyimiz avtomobil Panamera 4 E-Hybrid Sport Turismo modeli idi. Avtomobil 462 at qüvvəsi və 700 Nm fırlanma hasil edən güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğunun tərkibinə 330 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 biturbomühərriki, 136 at qüvvəsi və 400 Nm fırlanma anına malik olar elektromotor, həmçinin 14 kilovat-saatlıq tutumu olan litium-ion batareyalar dəsti daxildir.
Güc aqreqatı səkkiz pilləli iki muftası olan robotlaşdırılmış PDK qutusu və fırlanma anını ön və arxa oxlar arasında optimal şəkildə bölən, həmçinin dartma vektoruna nəzarət edən Porsche Tranction Managment (PTM) tam çəkiş sistemi ilə birlikdə çalışır. Bu tandem avtomobilə 100 km/saat həddini 4,6 saniyəyə toplamağa imkan verir. Onun maksimal sürəti isə 278 km/saatdır. Ən maraqlısı odur ki, küçədə peyda olması ilə ətrafdakı şüşələri öz möhtəşəm səsi ilə lərzəyə salan Panamera, bu dəfə ovunu izləyən aslan kimi səssiz irəliləyirdi. Bu markanın avtomobilləri ilə çoxdan tanış olan bir şəxs kimi, Panamera modelini elektrik ötürməsi ilə sürmək mənə qəribə hisslər bəxş etdi. Ətrafa baxırsan və həqiqətən də Porsche avtomobilində əyləşdiyini görürsən. Bəs bu səssizlik nədir?!
Digər tərəfdən, bu günə qədər bilmədiyim həqiqətlə tanış oldum - sən demə avtomobilin təkər tağlarının və altlığının səs izolyasiyası o qədər də yüksək səviyyədə deyilmiş. Xırda daşların onları döyəcləməsi salonda açıqca eşidilirdi.
Panamera’nın əsl xarakteri benzin mühərrikinin qoşulması ilə üzə çıxır. Akselerator pedalını döşəməyə sıxmaq lazımdır ki, avtomobilin daxilindəki yatmış aslanı oyadasan. Sport Turismo güclü elektrik qatarı kimi rəvan şəkildə sürətlənməyə başlayır. Bu rəvanlığın başlıca səbəbi hibrid qurğunun geniş diapazonda (1100 - 4500 döv/dəq) əlçatan fırlanma anıdır.
Tədbirin təşkilatçıları Porsche avtomobillərinin əsl qabiliyyətini - yüksək idarəetmə xüsusiyyətini önə çıxaran marşrutu tərtib etmişdilər. Döngələrlə bol olan dağ yollarında avtomobili idarəetməkdən həzz almamaq mümkün deyildir. Qeyd etmək lazımdır ki, test günü hava yağmurlu idi - yaş yollar bizi gözləyən bolluca adrenalindən xəbər verirdi.
Digər tərəfdən marşrutun əksər hissəsində sürət məhdudiyyəti 50-60 km/saat təşkil edirdi. Nadir hallarda isə 90 km/saatlıq məhdudiyyətə rast gəlirdik. Yeganə normal sürət toplayacağımız yer isə, marşrutun ikinci hissəsində olan magistral idi. Lakin, nə sürət məhdudiyyəti, nə də ki, polislə rastlaşmaq təhlükəsi bizlərin qarşısını almaq iqtidarında deyil. Məlum məsələdir ki, avtomobili maksimal sürətə də çatdırdıq, serpantinlərdə də yüksək sürətlə idarə etdik. Lakin, bunu marşrutun az istifadə edilən hissələrində edirdik. Artıq qeyd etdiyim kimi, marşrutun ikinci hissəsi magistralla hərəkəti nəzərdə tuturdu. Nahar fasiləsindən sonra biz ən güclü və dəbdəbəli Panamera modeli olan Turbo S E-Hybrid Executive Edition superkarını götürdük. Uzun bazalı Panamera Turbo S E-Hybrid modelinin bazasında yaradılmış avtomobil 680 at qüvvəsinə və 850 Nm fırlanma anına malik olan güc qurğusu ilə hərəkətə gəlir. Artıq avtomobilin xarakteristikalarına nəzər saldıqda onun nələrə qadir olduğunu gözünün önünə gətirirsən.
Hibrid güc qurğusunun tərkibinə 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki və artıq xarakteristikalarını yuxarıda sadaladığım elektromotor və batareyalar dəsti daxildir. Qeyd etmək lazımdır ki, bu qurğunun fırlanma anı artıq 1400 - 5500 dövr/dəqiqə diapazonunda əlçatandır. Eksklyuziv avtomobil 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir. İkinci «yüzlüyü» toplamaq üçün isə ona 12,1 saniyə gərəkdir.
İlkin olaraq, mən avtomobilin sınaqlarına arxa oturacaqdan başlamaq qərarına gəldim. Necə də olmasa, almanlar bu avtomobili «xozeyn» maşını kimi səciyyələndirirlər. Bu avtomobilin sahibinin hansı hisslər keçirdiyi mənim üçün çox maraqlıdı. Arxa sərnişinlər ayaq zonasında genişlik istənilən qədərdir. Baş üzərində məkan da kifayət qədərdir - hər halda mənim kimi orta boylu insanlar arxa oturacaqda rahatlıqla əyləşə bilərlər. Şəxsən mən, bu sahədə heç bir diskomfortla üzləşmədim.
Arxa oturacaqlar əla dəstəyə malikdir - axı Porsche avtomobilində başqa cür ola bilməz. Üstəlik, oturacaqlar havalandırma və massaj funksiyası ilə təchiz edilmişdirlər. Oturacaqların kürək hissəsi tənzimlənsə də, onun alt yastığı təəssüf ki, hərəkətsizdir. Yəni bir sıra lyuks sedanlarında kimi otarcağı qabağa çəkib, kürək hissəsini endirərək «şezlonq» yaratmaq şansından məhrumsunuz. Ayaq məkanında yerin geniş olmasını nəzərə alsaq, nədən bu opsiyadan imtina edildiyi anlaşılan deyil.
Əvvəlki nəsil Porsche Panamera modelinin sahibləri avtomobiiin asqısının çox sərt olduğundan və uzaq səfərlər üçün yaramadığından şikayət edirdilər. Artıq bu problem aradan qaldırılıb - ikinci nəsil Panamera rahatlıqla uzaq məsafələrə səyahət etmək imkanı verir. MSB modul platformasında inşa edilən yeni Panamera rahatlığı tam təmin edəcək 3 kameralı pnevmatik asqı sisteminə malik olub. Bu sistem, əvvəlkinə nisbətən 60% daha çox havanı qəbul etmək imkanına malikdir.
Daha bir yenilik Porsche-4D-Chassis Control sistemidir ki, onun sayəsində kuzova 3 istiqamətdə təsir edən qüvvələrin qarşısı alınmış oldu. Gün ərzində bu avtomobildə 400 kilometr məsafə qət etmiş şəxs kimi yeni Panamera modelinin uzaq səfərlər üçün tam uyğun olduğuna zəmanət verə bilərəm. Digər maraqlı bir məqam tam idarələnən şassi ilə bağlıdır. Avtomobili ilan kimi qıvrılan dağ yollarında idarə edərkən, məndə, arxa hissənin sürətli döngələrdə azacıq sürüşdüyü təəssüratı yaranmışdı. İlkin olaraq bunu yaş yol ilə əlaqələndirsəm də, sonrada bunun adi «sürüşmə» olmadığını anladım.
Əlbəttə ki, test avtomobilinin tam idarələnən şassiyə malikmiş! Həqiqətən bu sistem Panamera modelinə döngələri daha sürətli qət etməyə imkan verir. Lakin, ən maraqlısı Trogir şəhərinin dar küçələrində beş metrlik avtomobillə manevrlər etmək idi. Ön təkərlərin əksinə dönən arxa təkərlər avtomobilin kiçik radiusla dönməsini təmin edir.
Daha bir maraqlı müşahidəm sensorlu düymələrlə bağlıdır. Bu düymələrə toxunan zaman barmaqların ücünda müqavimət hiss edirsən və bu toxunuş çıqqıltı səsi ilə müşayət edilir. Qeyd etməliyəm ki, multimedia sistemi geniş imkanlara malikdir. Burada hava proqnozuna baxmaq, son xəbərləri oxumaq, yaxınlıqdakı infrastruktur obyektləri barədə məlumat almaq da olar. Porsche avtomobillərinin dəbdəbəli salonlarından danışmaq əlbəttə ki, bir qədər yersiz olardı. Hər kəsə yaxşı məlum olanları yazmaq vaxt itkisindən başqa bir şey deyildir.
Bir müddətdən sonra «xozeyn» yerini həmkarıma təhvil verərək sükanın arxasına keçdim. Ən başlıcası odur ki, Panamera Executive modelinin ön oturacağında özünü uzun bazalı limuzinin muzdlu sürücüsü kimi hiss etmirsən. Birinci olaraq Launch Control funksiyasını yoxlamaq qərarına gəlirəm - daha çox arxa çəkişli xaraktera malik olan Panamera arxa təkərlərinin üzərinə «oturaraq» güclü sıçrayışla irəli atılır.
Yaş yol səthi və təkərlərə ötürülən nəhəng fırlanma anı hər ötürmədə təkərlərin yerində fırlanmasına səbəb olur. Döngələrin birində avtomobilin dörd təkərlə sürüşməsi Panamera Turbo S E-Hybrid modelinin səhvi bağışlamayan sportkar xarakterini üzə çıxardı. İş orasındadır ki, testlərdə iştirak edən həmkarlarım da belə halla üzləşdiklərini bildirirdilər. Bu mənə bir qədər qəribə gəldi, çünki döngəyə girdiyimiz sürət o qədər də böyük deyildi - demək birinci növbədə şinlərə nəzər salmaq gərəkdir. Təkərlər baxış şübhələrimin doğru olduğunu göstərdi - protektorun dərinliyi son həddə yaxınlaşmışdı. Demək, bu səbəbdən də şinlər yaş yol səhti ilə ilişməni təmin edə bilmirdilər.
Bu, son aylarda avtomobilin intensiv olaraq test yürüşlərində iştirak etdiyindən xəbər verirdi. Bildiyimiz kimi, jurnalistlərin hər zaman avtomobillərin imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bu səbəbdən də, testlərdən sonra bu avtomobillər təhlil üçün yenidən zavoda yollanılırlar.
Bir qədər də hibrid qurğunun effektivliyindən danışmaq istərdim. İstehsalçı elektrik ötürməsi ilə avtomobilin 50 kilometr məsafə qət etdiyini iddia edir və biz elektrik ötürməsi ilə rahatlıqla 40 kilometrə yaxın məsafəni keçdik. Lakin, avtomagistrallarda hərəkət zamanı intensiv sürətlənmə batareyanın tez boşalmasına səbəb olur. Doğrudur, sistem itirilən enerjini bərpa etməyə çalışsa da, bu kifayət etmir. Növbəti sürətlənmə batareyanı yenidən boşaldır. Əlbəttə, batareyaların doldurulmasına üstünlük verən xüsusi rejimə də keçmək olar. Lakin, bu zaman bir qədər mühərrikin itirlmiş gücü ilə barışmalı olursunuz.
İstehsalçı ortalama yanacaq sərfiyyatının 2,9 litr olduğunu iddia etsə də, ən qənaətcil sürüş üslubu ilə hərəkət etdikdən sonra 9,7 litrlik göstəriciyə nail ola bildim. Həmkarımın daha çox maksimal rejimlərə üstünlük verdiyini nəzərə alsaq, bu heç də pis göstərici deyil. Əlbəttə, zavod göstəricisi ideal şəraitdə eldə edilmiş göstəricidir. Amma həyatda belə ideal şəraitə çətin ki, rast gələsiniz.
Panamera Turbo S E-Hybrid modeli nə qədər eksklyuziv və güclü sayılsa da, tədbirdə iştirak edən jurnalistlərin əksər hissəsi Panamera Turbo Sport Turismo modeli üçün demək olar ki, növbəyə yazılmışdılar.
Birincisi, hibrid texnologiyalar nə qədərdə dəbdə olsalar da, bizim bazarlarda belə avtomobilləri alanlar çoxluq təşkil etmir. Alıcıların əksər hissəsi adi benzin mühərrikləri ilə təchiz edilmiş avtomobillərə üstünlük verirlər. İkincisi, Panamera Turbo Sport Turismo modelinin bəxş etdiyi o unudulmaz hissləri heç bir hibrid texnologiyası ilə əvəzləmək mümkün deyildir.
Bu modelin sürətlənməsi kifayətdir ki, birdəfəlik ona vurulasan. Universalın çılğın şəkildə sürətlənməsi və möhtəşəm səsi, orqanizminizdə adrenalinin fontan vurması ilə müşayət olunur. Döngələrə yaxınlaşan zaman isə, əyləci gec basmaq üçün instinktlərinizlə mübarizəyə qalxmalı olursunuz. Bildirməliyəm ki, testdə olan avtomobillər arasında məhz Porsche Panamera Turbo Sport Turismo ən emosional avtomobil idi. Hətta, çoxbilmiş həmkarlarımızdan birinin testlərin sonuna kimi «Turbonu» götürmək arzusu, hər kəsin haqlı narazılığına səbəb olmuşdu.
Trogiri tərk edərkən bir daha analdım ki, hibrid və elektrik sportkarları nə qədər bərkgedən sayılsalar da, «Turbo»nun bəxş etdiyi güclü emosiyaları yaşatmaqda acizdirlər.
Bakı-Trogir-Bakı