Bütün dünyanı öz təsiri altına alan Covid-19 pandemiyası aviasiyadan da yan keçməyib. Kommersiya uçuşlarının böyük hissəsi dayandırılıb ki, bu da şirkətlər üçün böyük maliyyə itkisi deməkdir. Pandemiyanın nə vaxt bitəcəyi məlum olmadığı kimi, aviasiyanın əvvəlki vəziyyətinə qayıtmasına da böyük vaxt tələb olunur. Almaniyanın milli aviaşirkəti Lufthansa-nın rəhbərliyi də bu fikirdədir.
Lufthansa elə bu səbəbə görə də, bəzi təyyarələrini planlaşdırılmış vaxtdan xeyli əvvəl "təqaüdə göndərmək" qərarına gəlib. Şirkət 6 ədəd Airbus A380, 7 ədəd Airbus A340-600, 3 ədəd Airbus 340-300, 5 ədəd Boeing 747-400 və 11 ədəd A320 tipli təyyarə ilə vidalaşacaq. Bununla da, şirkətin Frankfurt və Münhendəki mərkəzlərinin iş həcmi azalacaq. Eyni zamanda, Lufthansa-ya aid olan, 30 təyyarəyə və 1400 işçiyə sahib Germanwings (2015-ci ildəki qəzadan sonra Eurowings adı altında sərnişin daşıyırdı) fəaliyyətini dayandırıb. Fəaliyyəti yenidən planlaşdırılan daha bir şirkət isə Lufthansa Group-un tərkibindəki Swiss olub. Şirkət yeni dar gövdəli təyyarələrin təslim alınmasını təxirə salıb və təyyarə parkı ilə bağlı vacib qərarlar alınacağını bildirib.
Airbus A380 təyyarələrinə sahib olan şirkətlərin demək olar ki, hamısı bu nəhəng təyyarələrini yerə endirib. China Southern şirkətinin A380-ları da fevral ayının əvvəlindən park edilmişdi. Lakin 2 həftə əvvəl bu təyyarələrlə Los Ancelesə olan uçuşlar bərpa edilib. Hazırda şirkətin 5 ədəd A380-ı aktiv fəaliyyətdədir. Pekin-Amsterdam xəttində Boeing 787 tipli təyyarədən istifadə edən şirkət uçuş sayının məhdudlaşdırılmasına görə bir dəfəyə daha çox sərnişin daşımaq üçün "Dreamliner"-ın əvəzinə bu istiqamətdə də A380-lardan istifadə etməyə başlayıb.
International Airlines Group (IAG) da tərkibindəki şirkətlərin təyyarə parkına əl gəzdirmək qərarına gəlib. Belə ki, British Airways-a aid 31 ədəd Boeing 747-400 və Iberia-ya aid 16 ədəd A340-600, Aer Lingus-a aid olan bəzi yaşlı A330 tipli təyyarələrin bir daha uçmayacağı bildirilib. IAG həm də 20 ədəd dar gövdəli təyyarədən də bir daha istifadə etməməyi planlaşdırır, lakin bu təyyarələrin hansı şirkətlərə aid olduğu açıqlanmayıb.
Hollandiyanın KLM şirkəti də keçən həftə tərkibindəki Boeing 747-lərin fəaliyyətini birdəfəlik dayandırıb. Şirkət bu təyyarələrin ikisindən Çindən Avropaya tibbi ləvazimat daşımaq üçün istifadə edəcək. Bu uçuşlar aprelin 13-dən etibarən 2 aya yaxın bir müddətdə, həftədə 5 dəfə olmaqla yerinə yetiriləcək. Bu uçuşlardan həftədə ikisi Pekinə, üçü isə Şanxaya nəzərdə tutulub ki, bununla da Çindən Avropaya həftədə əlavə 250 ton tibbi avadanlıq daşınacaq.