Dünən işinə başlamış Paris avtosalonunda, Audi şirkəti RS sedanının idman yarışlarında iştirak etmək üçün hazırladığı variantını təqdim etmişdir. Audi şirkətinin digər yarış avtomobilləri kimi LMS indeksini alan avtomobil TCR çempionatında iştirak edəcəkdir.
Adi Audi RS3 sedanından fərqli olaraq yarış avtomobili 2,0-litrlik dörd silindirli turbomühərriklə təchiz edilir. Bu mühərrik 330 at qüvvəsinə malikdir və altı pilləli sekvental sürətlər qutusu ilə birgə çalışır. Xatırladaq ki, Paris avtosalonunda debüt etmiş RS3 sedanı 400 at qüvvəsinə malik olan 2,5-litrlik beş silindirli turbomühərriklə təchiz edilir. “Döyüş” avtomobili 100 km/saat sürətini 4,5 saniyəyə toplayır, onun maksimal sürəti isə 240 km/saata bərabərdir. Audi RS3 sedanı ilk “yüzlüyü” 4,1 saniyəyə toplayır.
“Bərkgedən” sedanın maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. Lakin, əlavə ödəniş etməklə bu həddi 280 km/saata qədər artırmaq mümkündür. Yarış avtomobilinin komandalara çatdırılmasına bu ilin dekabr ayında başlanacaqdır.Altı pilləli sekvental qutu ilə təchiz edilmiş TCR çempionatı üçün nəzərdə tutulan variantın qiyməti 129000 avro təşkil edir. Robotlaşdırılmış qutu ilə təchiz edilmiş Audi RS LMS club sport modifikasiyasının qiyməti 99000 avroya bərabərdir.