Porsche şirkəti yeni nəsil Panamera modelinin hibrid güc aqreqatı ilə təchiz edilmiş modifikasiyasını təqdim etmişdir. Porsche Panamera 4 E-Hybrid modelinin kütləvi təqdimat mərasimi Paris avtomobil salonunda həyata keçiriləcəkdir.

Hibrid güc aqreqatının tərkibinə 330 at qüvvəsi və 450 Nm fırlanma anı olan 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki və transmissiyanın önündə yerləşdirilən 136 at qüvvəsi və 400 Nm fırlanma anı olan elektromotor daxildir. Güc aqreqatı 14,1 kilovatt/saat tutumu olan litium-ion batareyalardan qidalanır. Hibrid aqreqatının ümumi gücü 462 at qüvvəsi, fırlanma anı isə 700 Nm təşkil edir.

Artıq elektomotor akselerator pedalına basılan zaman işə düşür. Xatırladaq ki, əvvəlki modeldə elektromotor akselerator pedalının 80 faizi qədəri basıldıqda  işə düşürdü.  Yeni hibrid Panamera 100 km/saat həddini 4,6 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,9 saniyə yeyindir. Hibridin maksimal sürəti 278 km/saat təşkil edir. Elektromotorla hərəkət zamanı avtomobilin maksimal sürəti 140 km/saat təşkil edir. Yalnız elektrik mühərrikindən istifadə etməklə avtomobil 50 kilometr məsafə qət etmək iqtidarındadır. İstehsalçı hibridin qarışıq rejimdə 100 kilometrə 2,5-litr yanacaq sərf etdiyini iddia edir.

Multimedia sisteminin 12,3-düymlük sensorlu ekranına yürüş ehtiyatı, elektrik enerjisinin sərfi və rekuperasiya sistemi vasitəsi ilə onun bərpa səviyyəsi də daxil olmaqla hibrid sistem haqqında məlumat əks etdirilir. Avtomobilin Avropa satışlarına 2017-ci ilin aprelində başlanmalıdır.