Skoda şirkəti rəsmi olaraq "qaynar" Kodiaq RS modelini təqdim edib. Çex istehsalçısının ilk "qaynar" krossoveri ən güclü dizel mühərrikinə, tam çəkiş sisteminə, adaptiv amortizatorlara və Dynamic Sound Boost mühərrikin səsinin dəyişdirilməsi sisteminə sahib olub. Bütün bunlar Kodiaq RS modelinin standart təhizatına daxildir.
Skoda Kodiaq RS modeli 240 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 2,0-litrlik biturbodizel mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı yeddi diapazonlu DSG robotu ilə birlikdə qaynar krossoveri 100 km/saat həddinə yeddi saniyəyə sürətləndirir. Skoda Kodiaq RS modelinin maksimal sürət həddi 220 km/saatdır.
Kodiaq RS arxa oxu qoşma muftası və dartma vektoruna idarəetməni təqlid edən tam çəkiş sistemi, altı müxtəlif iş proqramı olan adaptiv amortizatorlar, proqressiv xarakteristikaya malik olan sükan idarəetməsi və Dynamic Sound Boost sistemi ilə təchiz edilir. Hərəkət rejimləri ilə tandemdə çalışan simpouzer, seçilmiş proqramdan asılı olaraq mühərrikin səs tonunu dəyişir.
"Qaynar" krossover digər Kodiaq modellərindən xüsusi bamperləri, qara-parlaq eksteryer elementləri, 20-düymlük təkər diskləri, qırmızı rəngli əyləc supportları, qara radiator barmaqlığı və standart təchizata daxil olan işıqdiodlarından fənərləri ilə seçilir. Bundan başqa, krossoverin avadanlıq siyahısına dəri və alkantara ilə üzlənmiş idman oturacaqları, rəqəmsal cihazlar paneli, pedalların dəmir örtüyü, idman sükan çarxı, smartfonların naqilsiz doldurulması sistemi və üçüncü cərgənin oturacaqları daxildir.
Skoda şirkəti RS indeksini 1974-cü ildən tətbiq etməyə başlayıb. İlk dəfə bu indeks 180 RS və 200 RS ralli prototiplərində istifadə edilib. RS indeksini daşıyan ilk mülki avtomobil isə 2000-ci ildə təqdim edilən Skoda Octavia RS olub. Üç ildən sonra 130 at qüvvəli dizel mühərrikli Fabia RS hetçbeki peyda olub. 2010-cu ildə 180 at qüvvəli turbomühərrik ilə təchiz edilən ikinci nəsil Fabia RS modeli təqdim edilib.