Audi Sport yarış bölümü Paris avtosalonunda GT3 kateqoriyasından olan Audi R8 LMS sportkarının yeni variantını təqdim edib. Təkmilləşdirmələr dəsti avtomobilin etibarlılığını artıracaq və həvəskar pilotların işini yüngülləşdirəcəkdir.
Audi Sport bölümünün müştəri proqramı üzrə direktoru Kristofer Raynkenin sözlərinə görə, onlar komandaların xərclərini artırmamaq üçün təkmilləşdirmələr proqramını o qədər də geniş etməyiblər. Bu dəst yeni detalları əvvəl alınmış avtomobillərə asanlıqla quraşdırmağa imkan verir. Bölümün baş konstruktoru Armin Plitş təkmilləşdirmələrin dörd sahəni əhatə etdiyini bildirib: aerodinamika, əyləclərin soyudulması, mufta və ötürmələr qutusu.
Yenilənmiş yarış avtomobilini radiator barmaqlığının üzərində olan üç üfüqi kəsiklərdən tanımaq olar. Avtomobilin ön tərəfi yeni firma üslubunda tərtib edilibdir ki, yarış avtomobilindəki radiator barmaqlığına bənzər barmaqlığı yaxın zamanda adi Audi R8 kupesində də tətbiq ediləcəkdir. Lakin, aerodinamikada olan əsas yenilik ön bamperin kənarlarında olan yeni formalı kanard-qanadcıqlardır.
GT3 seriyasının qaydalarına görə maksimal yerəbasma gücü məhdudlaşdırılmışdır. Lakin, yeni dayaq klirensin geniş diapazonunda daha yaxşı işləməlidir. Bu həvəskarların işini yüngülləşdirəcək, elə peşəkarlara da yardım edəcəkdir. Qeyd etmək lazımdır ki, yeni dəstin sınaqlarında peşəkar pilotlar iştirak ediblər. Əlbəttə ki, əsas müştərilər - həvəskarlar da sportkarın inkişaf etdirilməsində iştirak ediblər.
Atrıq qeyd etdiyimiz kimi, ön və arxa əyləclərin soyudulması yaxşılaşdırılıb. Qızmış havanın arxa əyləc mexanizmlərindən çəkilməsi arxa şinlərin qızmasının qarşısını alıb. Transmissiyadakı dəyişikliklər əsasən etibarlılığın artırılmasına xidmət edir. Üçdiskli muftanın ömrü bir dəfə yarım artırılmış, yeni diskli çarxlar və diyircəkli çarxlar sekvental qutunun ömrünü uzatmışdır. Bundan başqa, mühəndislər özüqapanan differensialın yeyilməsini azaltmağa müvəffəq olublar - artıq differensial yarış boyu öz xarakteristikalarını qoruyub-saxlayacaqdır.
Avtomobil əvvəl də yüksək etibarlılığı ilə seçilirdi. Məsələn, onun 5,2-litrlik V10 mühərriki 10 min «döyüş» kilometrlərindən bir xidmət tələb edirdi. Plan üzrə mühərrikinin sökülüb-yığılması isə 20 min kilometrdən bir aparılır.
Yenilənmiş Aud R8 LMS modelini istənilən şəxs sifariş edə bilər. Avtomobilin satış qiyməti vergilər nəzərə alınmadan 398 min avrodur. Artıq Audi R8 LMS avtomobillərinə sahib olan komandalar 28 min avroya dəsti əldə edərək öz bolidlərini yeniləyə bilərlər.