BMW şirkəti Paris avtosalonunda yeni elektrokarların buraxılması qrafikini elan edib. 2021-ci ildə Münhen istehsalçısı beş elektrik modeli təklif edəcəkdir ki, bunlardan biri də i4 indeksli avtomobil olacaqdır.
Alman qrupunun yaxın zamanlarda təqdim edəcək yeni modellərindən biri Mini elektrokarı olacaqdır. Mini elektrokarı 2019-cu ildə işıq üzü görəcəkdir. 2020-ci ildə isə BMW iX3 elektrokrossoveri debüt edəcəkdir. Xatırladaq ki, artıq alman markası bu krossoverə sifarişləri qəbul edir. 2021-ci ildə bir müddət bundan öncə təqdim edilən iNEXT krossoverinin seriya variantı konveyerdən çıxmalıdır. Bu modellər barədə istehsalçı məlumat versə də, i4 modelinin debüt tarixi bu günə qədər məlum deyildi.
BMW i4 modeli üç ildən sonra konveyerdən çıxmağa başlayacaqdır və 2017-ci ildə Frankfurtda debüt etmiş iVision Dynamics konseptinin seriya variantı olacaqdır. Prototip 600 kilometr məsafə qət etmək imkanı verən elektrik güc qurğusu ilə təchiz edilirdi. Konsept 100 km/saat həddini dörd saniyəyə toplayır və 200 km/saat maksimal sürət həddinə malik idi.