Çinin GAC şirkəti Paris avtosalonunda GS5 krossoverinin ikinci nəslini təqdim edib. Ölçülərinə görə GAC GS5 krossoveri ölkəmizdə populyar olan əvvəlki nəsil Hyundai Santa Fe modelinə yaxındır.
Krossoverin qabarit uzunluğu 4695 millimetr, eni – 1885 millimetr, hündürlüyü isə 1700 millimetrdir. Krossoverin təkər bazasının uzunluğu 2710 millimetrdir. Sərgidə nümayiş etdirilən model işıqdiodlarından fənərlər və 19-düymlük təkər disklərinə sahibdir. Lakin, avtomobilin daha sadə variantları da təklif ediləcəkdir.
GS5 modelinin təchizatına müasir rəqəmsal cihazlar paneli, dəri ilə üzlənmiş salon və panoram tavan da daxildir. Modelin təchizat siyahısında dairəvi görüntü kameraları da vardır. Krossover arxa müstəqil asqıya malik olsa da, onun arsenalında tam çəkiş sistemi yoxdur. Avtomobil 152 (235 Nm) və 169 (270 Nm) at qüvvəsi hasil edən 1,5-litrlik dörd silindrli benzin turbomühərrikləri ilə təchiz edilir. Transmissiyalarə gəlidikdə isə, krosover alti pilləli mexaniki və altı diapazonlu Aisin avtomatik ötürmələr qutuları ilə təklif edilir.
GAC GS5 modeli bu ayın sonundan başlayaraq Çində satışa çıxarılacaqdır. Onun satılacağı qiymət diapazonu 18-26 min dollardır.