Infiniti şirkəti Paris avtosalonunda Q60 Red Sport 400 modelinin bazasında inşa etdiyi Project Black S prototipini nümayiş etdirib. Konsept Formula 1 bolidlərindəki kimi, ikiqat ERS (Energy Recovery System) rekuperasiya sisteminə malik olan hibrid qurğu ilə təchiz edilibdir.
Infiniti Project Black S prototipi ERS texnologiyalarının seriya avtomobillərinə uyğunlaşdırılması imkanlarını nümayiş etdirməlidir. Eyni zamanda, konsept yapon markasının yeni növ elektrikləşdirilmiş aqreqatların yaradılması sahəsindəki ciddiliyini və əzimliliyini nümayiş etdirməlidir.
Bu prototipin inşa edilməsində yapon markasının mühəndisləri ilə birlikdə Renault Sport F1 komandasının mütəxəssisləri də iştirak ediblər. Konseptin üç elektrik mühərriki nəinki əyləcləmə zamanı yaranan kinetik enerjini, həmçinin işlənmiş qazlarının enerjisini də rekuperasiya edərək sürətlənmə zamanı altı silindrli benzin mühərrikinə yardım edirlər.
Prototipin əsasını iki elektrik turbokompressoru ilə təchiz edilmiş 3,0-litrlik V6 mühərriki ilə hərəkətə gələn Infiniti Q60 S kupesi təşkil edir. Mühərrik 405 at qüvvəsi və 475 Nm fırlanma anı hasil edir. Hibrid qurğunun ümumi hasilatı 571 at qüvvəsi təşkil edir. Project Black S kupesi yerindən 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənir.