Bu gün Parisdə işinə başlamış avtosalonda Mercedes-Benz şirkəti yeni nəsil B-Class kompaktvenini təqdim edib. Avtomobil barədə geniş məlumat verilməsə də, onun texniki cəhətdən A-Class modelini təkrar etdiyini söyləmək olar. Lakin, fərqlər də mövcuddur.
Çox maraqlıdır ki, B-Class modelinin mühərrik çeşidinə daxil olan beş mühərrikdən üçü “ağır” yanacaqla çalışır. Ötürmələr qutusu robotlaşdırılmış transmissiya ilə təmsil olunub. Ötürmə - öndən və ya tam çəkişlidir.
Yeni Mercedes-Benz B-Class A-Class modelinin dizayn üslubunda olan eksteryerə sahib olsa da, tamamilə yeni işıq texnikasına ilə seçilir - sadəcə kompaktven başqa proporsiyalara malikdir. Kompaktvenin təkər bazası da sələfinə nisbətən 30 millimetr artaraq 2729 millimetrə bərabər olub. Yeni kompaktven sələfinə nisbətən daha dinamik təsir bağışlayır: alçalmış tavan xətti və 16-19 düym arasında diametrə malik olan təkər diskləri bu dinamikliyi yaradan əsas faktorlardır.
Yeni nəsil B-Class modelinin interyeri də A-Class modeli ilə unifikasiya edilib. Amma, fərqlər də vardır – məsələn, kompaktvendə ön panel sanki iki yerə - sürücü və sərnişin hissəsinə, - “bölünübdür”. Üstəlik, salon 64 rəngdə ətraf işıqlandırmasına malikdir ki, artıq bu işıqlandırmanı ikirəngli də etmək olar. Digər bir fərq sürücünün oturacağı ilə başlıdır – kompaktvendə sürücü oturacağı A-Class modelinə nisbətən 9 millimetr hündürdə yerləşdirilibdir. Artıq sürücü oturacağını hündürlüyə görə də tənzimləmək olar.
Kompaktven A-Class modelində olduğu kimi MBUX multimedia sistemi ilə təchiz edilir. Standart olaraq multimedia sistemi 7-düymlük sensorlu ekrana malikdir. Lakin, sifarişlə onu 10,25-düymlük ekrana da dəyişmək olar. Sağ ekran sensorlu olsa da, hərəkət zamanı tutqun səthi olan taçpaddan istifadə daha rahat olacaqdır. Əlavə ödənişlə proyeksiya sistemini də sifariş etmək mümkündür. Opsiyalar siyahısında masaj, yaddaş və havalandırma funksiyası olan multikonturlu oturacaqlar da vardır. Üstəlik, oturacaqlar kürəyin dincəlməsini və yaxşı qaməti təmin edən Energizing funksiayasına da malik olublar.
B-Class modeli 455 litrlik (- 33 litr) baqaj hissəsinə malikdir. Bu, 14 santimetr diapazonunda hərəkət edən arxa oturacaqların tamamilə geriyə çəkilməsi halında alınan rəqəmdir. Baqaj bölümünün maksimal tutumu isə 1540 litrdir. Baqaj qapağı isə, məlum məsələdir ki, elektrik ötürməsi ilə açılıb-bağlanır. Əlbəttə ki, qapını “təpiklə” də açmaq mümkündür.
Əvvəl də qeyd etdiyimiz kimi, yeni B-Class modeli bayraqdar modeli S-Class sedanının ən müasir texnologiyalarını əldə edibdir. Bunlara misal olaraq, özüöyrənən MBUX sistemini, yarımavtomat pilotsuz idarəetməni göstərmək olar.
Nə qədər qəribə olsa da, B-Class modelinin mühərrik çeşidi heç də A-Class ilə eyni deyildir. Kompaktven C-Class modelində debüt etmiş 150 və 190 at qüvvəli 2,0-litrlik dizel ilə təklif edilir. Ən güclü mühərrik 8-pilləli “robot” ilə tandemdə çalışır. 116 qüvvəli 1,5-litrlik dizel, həmçinin 135 və 163 at qüvvəli 1,33-litrlik benzin mühərrikləri əvvəlki 7-pilləli qutu ilə təchiz ediləcəkdirlər. Model əvvəlki kimi bir neçə asqı sistemi ilə təklif ediləcəkdir. Hələlik, siyahıda klirensi azaldılmış komfortlu asqı, adaptive amortizatorları olan və Drive Select sistemi ilə tənzimlənən idman asqısı vardır.
Yeni kompaktvenin satışlarına bu ilin 3 dekabr tarixindən başlanacaqdır. Bizim bazara gəlincə, ənənəvi olaraq, Mercedes kompaktveni Azərbaycan bazarında populyarlığı ilə seçilməyib.