Peugeot şirkəti Parisdə 508 SW universalının xüsusi First Edition versiyasını təqdim edib. Yeni universalın “birinci buraxılışı” adi 508 SW modeli üçün əlçatmaz olan bir neçə elementə sahibdir. Peugeot 508 SW First Edition modeli elə də “kasib” olmayan GT təchizat səviyyəsinin bazasında yaradılmışdır.
First Edition seriyasından olan universallar iki mühərriklə təklif ediləcəkdirlər. Bunlar PureTech225 S&S benzin və BlueHDi 180 S&S dizel mühərrikləridir. Hər iki aqreqat EAT8 avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Xüsusi seriyadan olan universallar adilərindən tündəşdirilmiş dekor elementləri, interyer və baqajın xüsusi tərtibatı ilə seçilirlər. Peugeot 508 SW First Edition modelinin interyer tərtibatında Zebrano ağacından, qara və ya qırmızı Sellier dərisindən istifadə edilir.
Əlbəttə ki, 508 modelinin bahalı versiyalarında olduğu kimi First Edition da Focal səs sisteminə malikdir. Üstəlik, fransızlar səs sistemi ilə birlikdə dizaynı Peugeot Design Lab tərəfindən hazırlanmış Focal eksklyuziv Bluetooth dəstini də təklif edirlər. Bu dəsti avtomobildən kənarda da istifadə etmək mümkündür.
Nəhayət, bu modifikasiyanın ən qeyri-adi cəhətlərindən biri baqajın elə həmin Zebrano ağacından hazırlanmış döşəməsidir. Yükün sürüşməməsi üçün döşəmədə xüsusi rezin zolaqlar bərkidilib. Peugeot 508 SW Fisrt Edition modelinin təchizatına i-Cockpit paneli, işıqdiodlarından kontur işıqlandırması, qara tavan, gecə görüntü sistemi, smartfonların naqilsiz doldurulması sistemi daxildir. Bundan başqa, ikirəngli 19-düymlük Augusta təkər diskləri də opsiyalar siyahısına daxil edilibdir.
Peugeot 508 SW First Edition universalı Dark Blue, Pearly White və Amazonite Grey rənglərində təklif ediləcəkdirlər. Peugeot markası Azərbaycanda təmsil olunmayıb.