«Parisi gördün, ölmək də olar - deyirlər. Xeyir ola?» Bunları 2002-ci ildə Eyfel qülləsinin altında söyləmişdim, özü də əlimdə mikrofon. Həmən il biz Beynəlxalq Paris avtosalonundan ilk reportajlarımızı hazırlayırdıq. İlk dəfədən elə möhtəşəm ekspozisiya ilə rastlaşmaşdım ki, təəssüratlar məni boğurdu, qəribə bir eyforiya hissi yaşayırdım.
Təsəvvür edin, sərginin bir başından o birinə ekoloji taksi-şatl ilə gedirdik. Parlaq premyeralardan göz qamaşırdı: dəbdəbəli limuzinlər, dinamik sport-kupelər… Dünya şöhrəti qazanmış istehsalçılar ilk dəfə SUV-lər ilə aləmi heyrətləndirirdi. Büdcə avtomobilləri ilə məşğul olan şirkətlər isə az qala hiperkar iddiasında olduqlarını nümayiş etdirirdi. Ən maraqsız avtomobillər sərgilənən Lancia stendində ən gözəl model-xanımlar qanları qaynadır, yeni fransa kabrioletinin yanında isə yerli milli qəhrəman fotomodellik edirdi. Heç zaman unutmaram ki, onu dərhal tanımadım. Canlı görməmişdim axı… Ramin Musayev ilə çalışırdıq yenicə əldə etdiyimiz rəqəmsal «Minolta» ilə avtomobilin fotosunu çəkək, o isə kadrdan çıxmırdı ki, çıxmırdı. Yamanca bizi bezdirmişdi. Ona əl ilə işarə etdik ki, kənara çəkilsin, təəccüblənsə də sözümüzü yerə salmadı, yanındakı xanımın əlindən tutub, podiumu tərk etdi. Az sonra bir skamyanın üstündə kimin tərəfindənsə unudulmuş fransız jurnalının üz qabığında «Yeni Peugeot 307 CC-ni Zineddin Zidan təqdim edir!» - başlığını görəndə tarixi səhvimi anlamışdım, amma artıq gec idi…
Bu ilki Paris «mundialı» sayca 120-ci olsa da, Parisdə yubiley qoxusu hiss olunmurdu. Vaxtılə ağzına qədər avtomobillərlə dolu olan on bir pavilyondan cəmi dördündə yeni modellərdən ekspozisiya qurulmuşdu. Qalanları boş idi, ya da retromobil və «zapçast» muzeyini xatırladırdı. General Motors, Fiat qrupu, Volkswagen, Bentley - bir çox dünya miqyaslı istehsalçı sərgini «iqnor» edib, yeni modelləri ilə internetdə «layk» toplamağa üstünlük verdilər. Deyəsən son illər baş alıb gedən bu prosesi saxlamaq olmayacaq. Beynəlxalq avtosalonlar bir format kimi yavaş-yavaş tarixə qovuşur. Bəlkə də elə bu yaxşıdır. Onsuz da «dünya premyerası»-nın üstündən ipək örtük çəkiləndə, artıq heç kim mətbuat mərkəzinə qaçıb, öz redaksiyasına sensasiyon fotolar göndərə bilmir. Çünki, internetin sayəsinsə hər şey əvvəlcədən hamıya bəllidir. Məhz buna görə mən son zamanlar «premyera» adlandırılan avtomobillərin yanında şəkil çəkdirmirəm, sadəcə reportajlarımı hazırlayıram. Amma moto-texnika nümayiş etdirilən pavilyonda, Harley Davidson stenində bir baykın yanından ötüşüb keçə bilmədim, ayılıb, gördüm ki, «yəhərindəyəm». Onu sanki mənim üçün yaradıblar…
O ki qaldı Parisə, şəhərdən yubiley qoxusu yox, üfunət iyi gəlirdi. Xüsusən də metro stansiyalarının giriş-çıxışlarında. Deyilrlər, kanalizasiya sistemi köhnəlib, sıradan çıxır. Təmir etmək isə qədim şəhəri qazmaq deməkdir. Təsəvvür edin, nələr baş verə bilər. Yaxşısı budur, elə parfüm sənayesini yüksək səviyyədə saxlasınlar…
Parisi gördün, ölmək də olar?.. Ay-hay! Ölən düşmənlərimiz olsun…