Renault şirkəti Parisdə fəaliyyətinə başlayan avtosalonda EZ-Ultimo adlı futuristik konsepti nümayiş etdirib. Fransızlar bu dəbdəbəli pilotsuz avtomobili konservativ otellərdəki lyuks apartamentlər ilə müqayisə edirlər.
Renault EZ-Ultimo 5,8 metrlik uzunluğa malikdir. Prototip yeni Rolls-Royce Phantom modelindən uzun, Mini hetçbekindən isə alçaqdır. Avtomobil avtonom raydşərinq həlli kimi səciyyələndirilir. Bu prototiplə şirkət şəhər üzrə qısa məsafəli səfərlər üzrə göstərilən xidmətə olan münasibəti dəyişmək istəyir. Pilotsuz nəqliyyat vasitəsindən turistik ekskursiyaların keçirilməsində və yaxud dəbdəbəli biznes-şattl kimi istifadə etmək olar.
EZ-Ultimo modelinin salonuna avtomatik açılan qapılardan daxil olmaq mümkündür. Minib-düşməni rahat etmək üçün kreslolar hərəkət edir və dönür. Birinci sinif kayutanı xatırladan salonun tərtibatında əsl ağac, mərmər və dəridən istifadə edilib. Sərnişinlərin səfərlər zamanı əylənməsi üçün Augmented Editorial Experience sistemi cavabdehdir. Bu sistem istənilən fərdi kontent və multimedia məlumatlarından istifadə etmək imkanı verir.
Prototip tam idarələnən şassiyə, ön oxda yerləşən elektromotora və litium-ion batareyalarına malikdir. Elektrik aqreqatın gücü və yürüş ehtiyatı istehsalçı tərəfindən açıqlanmayıb.