Pebble Beach Concours d'Elegance müsabiqəsində daha bir ekzotik superkar nümayiş etdirilib. Bu dəfə, 1977-ci ildə karyerasına London-Sidney marafonunda iştirak etməklə başlayan Frensis Tathill tərəfindən yetmişinci illərin sonlarında yaradılmış Britaniyanın Tuthill Porsche şirkəti öz əsərini ictimayyətə təqdim edib.
Əvvəlcə onun şirkəti Porsche yarış avtomobillərinin hazırlanması ilə məşğul olub, sonra isə, alman markasının yol avtomobillərinin tüninqini və bərpasını mənimsəyib. 2022-ci ildə şirkət klassik Porsche 911 sportkarının əsasında hazırladığı ilk restomodunu təqdim edib. Amma ən son Tuthill GT One layihəsi ən çətin olanıdır.
Bu superkar əvvəlcə GT1 yarışları üçün yaradılmış, lakin homoloqasiya qaydalarına əsasən buraxılışı 25 yol avtomobili ilə məhdudlaşan 90-cı illərin Porsche 911 GT1 modelinə göstərilən ehtiramın əlamətidir.
Bu orta mühərrikli kupelərin seriya 911 sportkarları ilə çox az ümumi cəhəti var idi - belə elementlərə misal kimi, 993-cü nəsil modelindən götürülmüş ön asqı və işıqlandırma texnikasını göstərmək olar. Üstəlik, ilk nümunələr 993 seriyasından olan avtomobillərə tam bənzəyirdilər, sonrakılar isə, 996-cı nəslinin üslubunda dayağa malik idilər.
Tuthill Porsche şirkəti başlanğıc nöqtəsi kimi, yuvarlaq ön fənərləri və arxa işıqların bütöv zolağı olan ilkin Porsche 911 GT1 modelini götürüb. Bununla belə, avtomobillər arasında birbaşa unifikasiya yoxdur.
Üstəlik, tərtibatçılar iddia edirlər ki, Tuthill GT One hansısa istifadə edilmiş Porsche modelinin əsasında deyil, sıfırdan hazırlanıb. Hətta eksteryer dizaynı üçün əvvəllər Audi, Singer və Lucid şirkətlərində çalışmış, hazırda isə, Kaliforniyadakı Flatau Design studiyasının sahibi olan dizayner Florian Flatau cəlb edilib.
Superkar öndə və arxada ikiqollu push-rod asqısı (üfüqi amortizatorlarla) quraşdırılmış orijinal şassiyə malikdir. Kuzov karbonplastikdən asma panelləri olan məkan çərçivəsinə əsaslanır. Karbon-keramika əyləcləri standartdır və nümayiş modelində əsas "yol" dayağı olmasına baxmayaraq, əlavə ödənişlə trek üçün aerodinamik kuzov dəsti təklif edilir.
4,0-litrlik altısilindrli oppozit mühərriki nazim-çarxı arxaya doğru, baza daxilində yerləşdirilib. Bu mühərrik Britaniyanın Swindon Powertrain bürosu tərəfindən işlənib hazırlanmış və Tuthill Porsche şirkətinin öz restomodlarına quraşdırdığı 3,1-litrlik 911K mühərrikinin növbəti təkamülüdür.
Atmosfer versiyasında yeni mühərrik təxminən 500 at qüvvəsi, turbo versiyasında isə, təxminən 600 at qüvvəsi hasil edir. GT One yalnız arxa ötürməlidir, ötürmələr qutusu arxa kuzov çıxışında yerləşir: birinci nüsxədə iki muftalı yeddi pilləli “robot” quraşdırılıb, lakin mexaniki transmissiyanı da da sifariş etmək olar.
Superkarın interyeri sıfırdan hazırlanıb və yalnız ümumi cizgilərdə Porsche 911 modelinə bənzəyir. Burada zəngin tərtibat və virtual cihazlar paneli var, lakin media sistemi yoxdur. Tuthill GT One kupesinin təchiz olunmuş halda çəkisi cəmi 1200 kiloqramdır, lakin tərtibatçılar hələlik avtomobilin dinamik xüsusiyyətləri barədə susmağa üstünlük veriblər. Eyni şey qiymətə də aiddir. Satış üçün yalnız 22 ədəd Tuthill GT One modelinin hazırlanacağı bildirilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.