Çinlilərin uzun bazalı avtomobilləri sevdiklərini bilən Audi şirkəti Pekin avtosalonunda yeni A4 sedanının Çin bazarı üçün nəzərdə tutulmuş variantını təqdim etmişdir. İnqolştat istehsalçısı avtomobili yerli tələblərə uyğunlaşdırmaq üçün onun təkər bazasını və uzunluğunu 90 millimetr artırmışdır. Nəticədə avtomobilin təkər bazasının uzunluğu 2910 millimetrə qədər artmışdır. Audi A4 L modelinin qabarit uzunluğu isə 4816 millimetrə bərabərdir. Avtomobilin ölçülərinin artmasına baxmayaraq, o sələfindən 110 kiloqram yüngüldür.
Audi A4 L modeli Çin bazarında 190 və 252 at qüvvəsi gücü olan 2,0-litrlik dörd silindirli turbomühərriklə təklif edilir. Güc aqreqatları yeddi pilləli S tronic «robotu» və məşhur quattro tam ötürməli çəkiş sistemi ilə birgə çalışır.
Ümumiyyətlə Çin bazarında satılan Audi A4 L modeli zəngin avadanlıq siyahısına malikdir.
Misal üçün, avtomobilin standart təchizatına Matrix LED tipli ön fənərlər, xrom işləmələr dəsti, daxili və xarici S line idman dəsti, 12,3-düymlük ekranı olan Virtual Cockpit cihazlar paneli, 7-düymlük ekranı olan MMİ multimedia sistemi daxil edilmişdir.
Bundan əlavə, multimedia sistemi LTE internet birləşməsi və Wi-Fi funksiyalarını da dəstəkləyir. Avtomobil həmçinin, 755 vatt gücü və 19 dunamiki olan yüksək kefiyyətli Bang&Olufsen səs sitemi ilə də təchiz edilə bilər. Əlbəttə ki, «çinli» Audi A4 İnqolştat konserninin təklif etdiyi bir sıra aktiv və passiv təhlükəsizlik sistemləri ilə də komplektləşdirilir.
Bu sistemlərin arasında piyadanın aşkar edilməsi sistemi, qəzaları önləyən Audi Presense sistemi, aktiv kruiz-kontrol və yanacağa qənaət edən Stop&Go sistemi də mövcuddur.