Audi şirkəti Pekin avtosalonunda TT modelinin ən güclü variantları olan Audi TT RS rodster və kupesini təqdim etmişdir. Əvvəl də bildirildiyi kimi, «qaynar» kupe və rodster 400 at qüvvəsi gücü və 480 Nm fırlanma anı olan beş silindirli 2,5-litrlik turbomühərriklə təchiz edilmişdir. Yeni güc aqreqatı yeddi pilləli iki muftalı S tronic robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Çoxdiskli muftanın əsasında hazırlanmış tam çəkiş sistemi ilə təchiz edilmiş kupe 100 km/saat sürətini 3,7 saniyəyə, rodster isə 3,9 saniyəyə toplayır.
Hər iki avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır. Lakin, əlavə ödəniş etməklə bu həddi 280 km/saata çəkmək olar.
«Bərkgedən» modellərin təchizatına 19-düymlük təkər diskləri, poladdan hazırlanmış əyləc diskləri, diodlarından ibarət olan ön və arxa işıq texnikası, Audi drive select sistemi, aktiv səsboğucu sistem və xüsusi RS rejimi olan virtual cihazlar paneli daxildir. RS-rejimi diqqəti taxometrə, təkərlərdəki təzyiqə, istifadə edilən fırlanma anına və yandan sürətlənmələrin göstəricilərinə yönəldir.
Bundan əlavə, Audi TT RS modeli RS model cərgəsində tam yeni çoxfunksiyalı sükan çarxını əldə etmiş ilk avtomobildir. Multimedia sisteminin idarə edilməsi düymələrindən başqa, sükan çarxında, mühərrikinin işə salınınb-söndürülməsi və drive select sisteminin rejimlərinin dəyişdirilməsi düymələri də mövcuddur.
Əlavə avadanlıq olaraq, avtomobilləri karbon-saxsıdan hazırlanmış əyləc mexanizmləri, maqnitoreolojik mayeli adaptiv amortizatorları olan RS asqı sistemi, matrisa tipli ön və orqanik diodlardan hazırlanmış 3D effektli arxa fənərlər ilə sifariş etmək olar. TT RS modeli OLED texnologiyasını əldə etmiş ilk Audi avtomobili olmuşdur.
Audi TT RS modellərinin Avropadakı satışları bu ilin payızında başlayacaqdır.
Avropa bazarında «qaynar» rodster 66400 avrodan (113000 manat), kupe isə 69200 avrodan (117900 manat) başlayan qiymətlərlə təklif ediləcəkdir.