BMW şirkəti xüsusi olaraq Çin bazarı üçün hazırladığı X1 krossoverini Pekin avtosalonunda təqdim etmişdir. Çinlilərin uzun bazalı avtomobilləri sevdiyini nəzərə alsaq, bu krossoverin də uzunuğunun və bazasının 80 millimetr artması heç kimi təəccübləndirməməlidir. Bundan başqa, uzunbazalı krossover adi modeldən 40 millimetr hündür və 20 millimetr enlidir. Beləliklə, çinlilərə ünvanlanmış BMW X1 krossoverinin uzunluğu 4519 millimetrə, eni - 1841 millimetrə, hündürlüyü - 1638 millimetrə təkər bazasının uzunluğu isə 2780 millimetrə bərabərdir.
Ölçüləri artmış avtomobilin salonu da genişlənmişdir - arxa cərgənin sərnişinlərinin diz hissəsindəki məsafə 50 millimetr genişlədilmişdir. 40:20:40 nisbətində açılan arxa oturacaqlar uzununa tənzimləndiyi üçün bu göstərici 130 millimetrə qədər artırıla bilər. Bu səbəbdən də, avtomobilin baqaj hissəsinin tutumu 100 litr artaraq 1650 litr təşkil etmişdir.
BMW X1 Li modelinin mühərrik çeşidinə 136 at qüvvəsi gücü olan 1,5-litrlik üç silindirli mühərrik (öndən çəkişli BMW X1 sDrive18Li), həçminin, 192 və 231 at qüvvəsi gücü olan 2,0-litrlik dörd silindirli mühərriklər daxil edilmişdir. 192 at qüvvəli modifikasiya həm tam çəkişli (xDrive20Li), həm də öndən çəkişli (sDrive20Li) ola bilər.
Krossoverin top-variantı olan BMW xDrive25Li modifikasiyası isə yalnız tam çəkişli ötürmə ilə təklif edilir. sDrive18Li modifikasiyası istisna olmaqla bütün variantlar səkkiz pilləli Steptronic sürətlər qutusu ilə təchiz edilirlər. Adı çəkilən modifikasiya isə, bu qutunun altı pilləli variantı ilə birgə çalışır.
Avtomobilin avadanlıq siyahısına panoram tavan, avtomatik parketmə sistemi, arxa görüntü kamerası, Harman Kardon audio sistemi, naviqasiya, priyeksiya displeyi və multimedia sisteminin səkkiz düymlük sensor ekranı daxildir. Sifarişlə sərtliyi salondakı düymə ilə tənzimlənən adaptiv amortizatorları da quraşdırmaq mümkündür.
BMW X1 Li avtomobilinin istehsalı BMW və Brilliance şirkətlərinin Şenyandakı zavodunda təşkil edilmişdir. Uzun bazalı krossoverin satışlarına yaxın aylarda start veriləcəkdir.