Hyundai şirkəti Pekin avtosalonunda Verna Concept konseptual sedanını təqdim etmişdir. Bu konsept bizim bazarda Hyundai Accent kimi tanınmış sedanın yeni nəslinin necə olacağı barədə təssəvvür yaratmaq üçün nümayiş etdirilmişdir. Konseptual sedan tranesiya formalı radiator barmaqlığı, daraldılmış ön fənərlər və arxa işıq diodlarından olan fənərlərlə seçilir. Bundan başqa, prototip indiki modeldən yeni formalı qapılarla və təkmilləşdirilmiş arxa dirəklə fərqlənir.
Konseptin texniki xarakteristikaları haqqında məlumat dərc edilməmişdir. Hyundai Verna modelinin seriya variantının Cənubi Koreya və Çin bazarlarındakı satışları bu ilin ikinci yarısında başlanacaqdır. Digər bazarlarda yeni model 2017-ci ildə satışa çıxarılacaqdır.
Hal-hazırda Hyundai şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan «Auto Azerbaijan» şirkəti Accent modelini 18400 manatdan başlayan qiymətlərlə təklif edir. Hyundai Accent 107 at qüvvəli 1,4-litrlik və 123 at qüvvəli 1,6-litrlik benzin mühərrikləri və avtomatik sürətlər qutusu ilə təchiz edilir.