Pekində daha bir uzun bazalı avtomobili Jaguar şirkəti təqdim etmişdir. Çinlilərin könlünü oxşayacaq yeni uzun ölçülü avtomobil Jaguar XF sedanı olacaqdır. Britaniyalı premium avtomobillər istehsalçısı Çin bazarı üçün nəzərdə tutulmuş sedanın uzunluğunu 140 millimetr artırmışdır. Jaguar XFL adını almış lyüks sedanın qabarit uzunluğu 5094 millimetr təşkil edir. Avtomobilin təkər bazasının uzunluğu isə 2960 millimetrdən 3100 millimetrə qədər artırılmışdır. Bunun nəticəsində də arxa cərgədəki sərnişinlərinin ayaqları zonasında 157 millimetr artım olmuşdur.
Arxa sərnişinlərin diz zonasında isə məsahə 116 millimetr çoxalmışdır. Böyümüş ölçülər avtomobilin çəkisinin 200 kiloqram artmasına səbəb olmuşdur. Jaguar XFL qısa bazalı «qardaşlarından» uzun ölçülü arxa qapıları ilə fərqlənir. Sedanın digər elementləri dəyişikliklərə məruz qalmamışdır.
Arxa sərnişinlər ventilyasiya və massaj funksiyası olan oturacaqlardan, qatlanan masalardan, iki səkkiz düymlük monitorlardan və naqilsiz qulaqcıqlardan istifadə etmək imkanına malikdirlər.
Bundan əlavə premium sedan, 10,2-düymlük sensorlu ekranı və 17 dinamikli 825-vattlıq Meridian stereosistemi olan inControl Touch Pro məlumat-əyləncə kompleksi ilə də təklif edilir.
Tam çəkişli Jaguar XFL modeli İngenium ailəsindən olan iki 2,0-litrlik dörd silindirli turbomühərriklə təklif ediləcəkdir. Bu mühərriklərin 200 və 240 at qüvvəsi gücü vardır.
Sedanın top-variantı isə, 340 at qüvvəsi təklif edən kompressorlu V6 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatları ZF firmasının səkkiz pilləli «avtomatı» ilə birgə çalışacaqdırlar.
Yeni avtomobilin istehsalını Jaguar Land Rover qrupunun Çanşoudakı müəssisəsində təşkil ediləcəkdir. Bu müəssisədə artıq Land Rover Discovery və Range Rover Evoque modelləri istehsal olunurlar.