Bu gün qapılarını ziyarətçilərin üzünə açmış Pekin avtosalonunda Porsche şirkəti rəsmi olaraq Cayman modelinin yeni nəslini təqdim etmişdir. 718 Boxster modelinin bazasında hazırlanmış yeni kupe texniki cəhətdən rodsterlə bənzərlik daşıyır. Bikdiyimiz kimi, yeni rodster keçən əsrin 50-ci və 60-cı illərində yarışlarda çıxış etmiş yarış avtomobilinin şəninə 718 Boxster adlandırılmışdır. Yeni Cayman Boxster modelində olduğu kimi ancaq dörd silindirli turbomühərriklər ilə təchiz edilir. Bildiyimiz kimi 718 Boxster keçən əsrin altımışıncı illərindən sonra dörd silindirli mühərriklə təchiz edilən ilk Porsche avtomobili olmuşdur.
Zahiri görkəmə gəldikdə isə, yeni avtomobil sələfindən ancaq alın şüşəsini arxa baqaj bölməsinin qapağını irsən almışdır. 718Cayman sələfindən yeni ön və arxa işıq texnikası, bamperlər, həmçinin arxa fənərləri birləşdirən xüsusi xəttlə seçilir.
Avtomobilin interyerində də ciddi dəyişikliklər baş vermişdir. Salona nəzər saldıqda, ilk növbədə yeni sükan çarxını, mərkəzi konsolu və təkmilləşdirilmiş Porsche Communication Management sistemini görmək olar. Porsche 718 Cayman modelinin baza modifikasiyası 2,0-litrlik turbomühərriklə təchiz edilir. Yeni mühərrikin gücü 300 at qüvvəsi və 380 Nm fırlanma anı təşkil edir.
Avtomobilin S modifikasiyası isə dəyişdirilən həndəsəli turbokompressorla təchiz edilmiş 2,5-litrlik turbomühərriklə hərəkətə gəlir. Bu mühərrik 350 at qüvvəsinə və 420 Nm fırlanma anına malikdir.
Hər iki mühərrik altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Əlavə ödənişlə yanacağa qənaət etməyə imkan verən iki muftalı və virtual pillələri olan PDK sürətlər qutusunu da sifariş etmək olar. «Virtual pillələr» dedikdə, Porsche, iki qonşu pillənin birgə çalışmasını və hər iki «yaş» muftanın sürüşməsinin mümkünlüyünü nəzərdə tutur. Bu sistem aşağı sürətlərdə yanacağa qənaət etməyə imkan yaradır.
300 at qüvvəli mühərrikilə, PDK sürətlər qutusu və Sport Chrono paketi ilə komplektləşdirilmiş 718 Cayman modeli 100 km/saat sürətini 4,7 saniyəyə toplayır və onun maksimal sürəti 275 kim/saat təşkil edir. 718 Cayman S modeli isə birinci «yüzlüyü» 4,2 saniyəyə toplayır. S modelinin maksimal sürəti də 285 km/saatdır.
Bundan əlavə, yeni avtomobilin sükan idarəetməsinin və asqı sisteminin xarakteristikaları dəyişdirilmişdir. Bu sayədə də avtomobilin idarəedilməsi yaxşılaşdırılmışdır. Eyni zamanda sportkar üçün təkmilləşdirilmiş PASM aktiv asqısı təklif edilir.