Bir neçə gün bundan öncə Renault şirkəti yeni krossoverin ilk rəsmi fotoşəklini və videoçarxını yaymışdır. Bu gün işinə başlamış Pekin avtosalonunda fransız şirkəti Koleos modelinin ikinci nəslini rəsmi olaraq təqdim etmişdir. Təsvirdən də göründüyü kimi, yeni modelin zahiri və daxili görkəmi keçən il təqdim edilmiş Renault Talisman və Megane modellərinin dizayn üslubunda hazırlanmışdır. Çin bazarında fransız markasının bayraqdar modeli sayılacaq Koleos dünyanın 80 çox ölkəsində satılacaqdır. Çox güman ki, yeni krossoverin alıcıları sırasında fransız markasının azərbaycanlı pərəstişkarları da olacaqdır.
Renault şirkəti hələ ciddi-cəhdlə Koleos modelinin texniki xarakteristikalarını açıqlamaq istəmir. Fransizlar yalnız D-seqmentindən olan avtomobilin Renault-Nissan ittifaqının CMF adlı platformasında hazırlandığını, öndən, tam ötürməli və qapanma rejimi olan 4WD çəkiş sistemləri ilə təklif ediləcəyini bildirmişlər. Hal-hazırda bu platformadan Nissan Qashqai və X-Trail modellərinin istehsalında istifadə edilir.
Renault Koleos krossoverinin qabarit uzunluğu beş metrə bərabər olacaqdır. Avtomobilin təchizatına R-LİNK 2 məlumat-əyləncə kompleksi, Bose səs sistemi, və bir sıra digər hər bir alıcının könlünü oxşayacaq avadanlıqlar daxil edilmişdir.
Yeni krossover standart olaraq beş sərnişin üçün nəzərdə tutulmuş salonla təklif ediləcəkdir. Lakin, əlavə müştərilərin opsional olan yeddi nəfər üçün nəzərdə tutulmuş salonu da sifariş etmək şansı da vardır. Bundan başqa, Renault Koleos modelinin mühərriklər çeşidinə 160 at qüvvəsi gücü olan 1,6-litrlik dizel güc aqreqatının daxil olacağı bildirilir.
Avtomobil həmçinin, 150 və 200 at qüvvəsi gücü olan 1,6-litrlik benzin mühərriki ilə də təklif ediləcəkdir.