Volkswagen şirkəti Pekində işinə başlamış avtosalonda yeni iri krossoverin carçısı olacaq T-Prime Concept GTE prototipini təqdim etmişdir. Adından da göründüyü kimi, konsept tərkibinə 251 at qüvvəsi gücü olan 2,0-litrlik turbimühərrik və 135 at qüvvəsi gücü olan elektromotor, səkkiz diapazonlu avtomatik sürətlər qutusu və 1,1 kilovatt-saat tutumu olan batareyalar dəsti daxil olan hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Hibrid sistemin ümumi gücü 380 at qüvvəsi, fırlanma anı isə 700 Nm təşkil edir.
Hirbid güc aqreqatının üç rejimi mövcuddur. E-Mode rejimində konsept ancaq elektrik mühərrikindən istifadə edərək hərəkətə gəlir. Bu halda avtomobilin yürüş məsafəsi 50 kilometrə bərabərdir. Hybrid rejimində hər iki güc areqatından istifadə edilir, GTE rejiminin aktivləşdirilməsi halında isə, hər iki mühərrik birlikdə işləyərək maksimal gücü təmin edirlər. Bundan əlavə, GTE rejimində akseleratorun, sükan idarəolunmasının və sürətlər qutusunun xarakteristikaları dəyişir.
Yerindən 100 km/saat həddinə Volkswagen T-Prime Concept GTE krossoveri altı saniyədən bir qədər çox müddətə sürətlənir. Prototipin maksimal sürəti 222 km/saata bərabərdir.
Avtomobilin batareyalarını həm məişət elektrik şəbəkəsindən, həm də hərəkət halında yavaşlayan zaman qidalandırmaq mümkündür - bu zaman elektrik mühərriki generator kimi işləyərək enerjini batareyalara ötürür.
Məişət şəbəkəsindən batarayeları doldurmağa səkkiz saat vaxt tələb olunur. Bunu hibrid avtomobillərinin və elektrokarların qidalandırılması üçün nəzərdə tutulmuş xüsusi stansiyada həyata keçirdikdə isə, qidalanma prosesinə iki saat yarım vaxt sərf edilə bilər.
Mərkəziyüksək sürtünməli differensialı olan tam çəkiş sistemi ilə təchiz edilmiş konsept MLB modul platformasında yaradılmışdır. Bu platformanın təkmillərdirilmiş variantı Audi Q7 krossoverinin istehsalı zamanı istifadə edilir.
Konseptin qabarit uzunluğu 5069 millimetrə, eni - 1998 millimetrə, hündürlüyü isə 1706 millimetrə bərabərdir. Beləliklə, yeni avtomobil Touareg modelindən 268 millimetr uzun, 58 millimetr enli və 3 millimetr alçaqdır.
Volkswagen T-Prime Concept GTE konseptinin interyerində rəgəmsal cihazlar panelinin və multimedia sisteminin ekranının vahid blokunu müşahidə etmək olar. Hər iki displey qövsvari şüşə ilə örtülmüşdür. Alman markasının seriya modellərində bu sayaq yeniliklər artıq gələn ildən quraşdırılacaqdır.
Cihazlar panelinin dioqanalı 12 düymə bərabərdir ki, bu displeyə də klassik cihazlardan əlavə, naviqasiya sisteminin və ya oxunan media-fayllardakı məlumatı ötürülə bilər. Əl jestləri və səs ilə idarə edilən multimedia sisteminin displeyi isə 15 düym ölçüyə malikdir.
Konseptin təchizatına həmçinin sükan çarxında və mərkəzi konsolda quraşdırılmış sensorlu düymələr daxildir.
Bundan başqa, avtomobil kilmatik qurğunun fərdi idarəetmə blokları olan ikinci cərgənin ayrılmış oturacaqları, ikinici cərgənin sərnişinləri üçün nəzərdə tutulmuş əyləncə sisteminin displeyləri və sürətlər qutusunun elektron selektoru ilə təchiz edilmişdir.
Çox güman ki, bu konsept Touareg modelinin yeni nəslinin carçısı olacaqdır.