Bu gün işinə başlamış Pekin avtosalonunda Lexus şirkəti çinli ziyarətçilər üçün yenilənmiş İS modelinin kütləvi nümayişini keçirmişdir. Əvvəl də dərc edilmiş tizerdən aydın olduğu kimi, yenilənmiş yığcam sedan yeni ön bamper, radiator barmaqlığı, digər formalı ön fənərlər və L-formalı diodlardan hazırlanmış gündüz hərəkət işıqları ilə təchiz edilir. Bundan əlavə, avtomobil səsboğucu sistemin xromla örtülmüış düzbucaqlı borularını və yeni təkər diskləri də əldə etmişdir.
Yenilənmiş Lexus İS sedanının interyerində görünüşü dəyişdirilmış cihazlar paneli və klimatik qurğunun yeni idarəetmə blokunu görmək mümkündür. Bundan başqa, avtomobilin multimedia sisteminin displeyinin ölçüsü 7,0 düymdən 10,3 düymə qədər artırılmışdır.
Lexus İS modelinin cari nəsli 2013-cü ilin yanvar ayında Detroyt avtomobil sərgisində nümayiş etdirilmişdir. Yeni avtomobil sələfi ilə müqayisədə daha mükəmməl ön asqı və GS modelinin arxa asqısının quruluşuna bənzəyən çoxqollu arxa asqı ilə təchiz edilmişdir.
Nə qədər qəribə səslənsə də, Lexus şirkətinin yerli nümayəndəsi İS modelini Azərbaycan bazarında təklif etmir.
ABŞ bazarında İS sedanı 245 at qüvvəsi gücü olan 2,0-litrlik dörd silindirli turbomühərriklə, eyni zamanda 255 və 306 at qüvvəsi gücü olan 3,5-litrlik altı silindirli atmosfer mühərriki ilə təklif edir.