Kişi geyimində pencəyin uzunluğu sadəcə texniki detal deyil — bu, üslubun, estetik baxışın və mədəni kontekstin göstəricisidir. Xüsusilə də, ayrı satılan pencəklərdən (ing. blazer, sport coat) danışırıqsa, onların uzunluğu müxtəlif ölkələrə görə dəyişir və bu dəyişikliklər geyimin funksional məqsədinə, vizual balansına və stilistik niyyətinə görə baş verir.
Pencəyin klassik uzunluğu: omba hissəni tam örtməli və bədənin yanından sərbəst sallanan əlin ovcunun orta nöqtəsinə qədər çatmalıdır.
Pencək nə həddindən artıq qısa olmalı (əks halda vizual olaraq boyu daha alçaq göstərir), nə də həddindən artıq uzun olmalıdır. Pencəyin ətəyi baş barmağın orta hissəsində bitməlidir. Qolun uzunluğu isə baş barmağın əsasına qədər olmalıdır və köynəyin manjetinin 1–2 santimetr görünməsinə imkan verməlidir.
Lakin…

Britaniya tərzi kişi geyimində ən konservativ və strukturlaşdırılmış (bərklik üçün ara qat, çiyinaltı istifadə olunur) yanaşmalardan biridir. Bu səbəbdən pencəyin uzunluğu ciddi qaydalara tabedir: o, mütləq şəkildə omba hissəni örtməli və budun orta nöqtəsinə qədər uzanmalıdır. Bu, şux və ciddi siluet yaradır, formal görünüşü gücləndirir. Hətta bleyzerlər bu qaydalara sadiq qalır, xüsusilə də tvid, flanel və digər qalın parçadan tikilmiş modellər. Bu uzunluq həm vizual balans yaradır, həm də Britaniya iqlimində praktik funksiyaya malikdir: külək və yağışdan qoruyur, klassik şalvarlarla mükəmməl uyğunlaşır.
İtalyan tərz, xüsusilə də Neapolitan üslubu, tamamilə fərqli yanaşma təklif edir. Burada pencək zireh deyil, ikinci dəri kimi qəbul edilir. Yumşaq konstruksiya, minimal astar, sərbəst çiyinlər və yüksək qol tikişi — bütün bunlar rahatlıq və hərəkət azadlığı üçün nəzərdə tutulub. İtalyan pencəkləri adətən qısa olur: arxa hissəni tam örtməyə bilər, bəzən onun bir qədər üstündə bitir. Belə pencəklər xüsusilə də yüksək belli şalvarlarla geyinildikdə, vizual olaraq ayaqları uzadır və modern siluet yaradır. İtaliyan məktəbində pencəyin uzunluğu universal ölçülərlə deyil, bədən nisbətləri ilə müəyyən olunur. Məsələn, uzun ayaqlı, qısa gövdəli kişi üçün pencək bir qədər uzun ola bilər.
Amerikan tərzi Britaniya və İtaliya tərzləri arasında körpü rolunu oynayır. Burada bleyzerlər orta uzunluqda olur: omba hissəsini örtür, lakin budun ortasına qədər uzanmır. Konstruksiya daha rahatdır, çiyinlər yumşaq, siluet isə, düz və sərbəstdir. Amerikan pencəkləri gündəlik geyimə uyğunlaşdırılıb — ofis, kafe, həftəsonu gəzintisi və s. Bu səbəbdən onların uzunluğu daha çevikdir, sahibinin həyat tərzinə uyğun tənzimlənir.

Kostyum pencəkləri iki hissəli dəstin bir parçasıdır və onların uzunluğu ciddi balans qaydalarına tabedir. Kostyum pencəkləri mütləq şəkildə omba hissəni örtməli, budun orta nöqtəsinə qədər uzanmalıdır. Bu, formal siluet və vizual simmetriya yaradır.
Tək pencəklər isə müstəqil elementdir. Onların uzunluğu parça, məqsəd, tərz və bədən quruluşuna görə dəyişə bilər.
Pencəyin uzunluğu arxa hissədə, boyun xəttindən başlayaraq ətəyə qədər olan məsafə ilə ölçülür.

İnternet mağazalardan pencək alarkən bu ölçülərə əsaslanaraq düzgün seçim etmək mümkündür
Yüksək belli şalvarlarla uyğunlaşmaq üçün pencək daha qısa, dramatik siluet yaratmaq üçün isə, daha uzun ola bilər. Bundan əlavə, tək pencəklər adətən daha yumşaq konstruksiyaya malik olur, astarsız və ya yarımastarlı tikilir, daha sərbəst qol tikişi və qeyri-formal detallar: üstə tikilən ciblər, kontrastlı düymələr, dekorativ tikişlər ilə fərqlənirlər. Yuxarıda göstərilənlər onları daha çevik edir və müasir geyimə uyğunlaşdırır.
Lakin son illərdə kostyum pencəyi kimi, uzun bleyzer də aktualdlr və daha dəbli tərz yaradır. İtalyan məktəbinin qısa pencəklərə üstünlük verməsinə baxmayaraq, dəbli italyanlar yüksək belli şalvara və uzun bleyzerə üstünlük verirlər. Mən də məhz belə uzun pencəklərə diqqət yetirməyi məsləhət görürəm.

Solda: uzun pencək, sağda: qısa pencək
Müasir kişi geyimində tək pencək sadəcə kostyumun alternativi deyil — o, üslubun ifadə vasitəsidir. Onun uzunluğunun vasitəsi ilə kişi öz nisbətlərini, həyat tərzini və estetik baxışını ifadə edir.
Doğru uzunluq — sadəcə balans deyil, həm də individual tərzdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.