Peugeot şirkəti Avropada çox populyar olan 2008 krossoverinin ikinci nəslini təqdim edib. Yeni krossover Peugeot 208 modelində olduğu kimi iki versiyada – daxili yanacaq mühərrikləri və elektrik güc aqreqatı ilə təchiz edilmiş modifikasiyalarda debüt edib.
Əslində Peugeot 2008 modelini 208 hetçbekinin daha iri və tutumlu versiyası kimi də qəbul etmək olar. Krossoverin əsasını arxa yarımüstəqil asqıya malik olan Common Modular Platform (CMP) modul platforması təşkil edir. Yeni platforma avtomobilin çəkisini ciddi şəkildə azaltmağa imkan verib. Bununla belə, Peugeot 2008 daha yaxşı səs və istilik izolyasiyasına, həmçinin azaldılmış titrəyişlər fonuna sahib olub.
Yeni Peugeot 2008 modeli sələfindən daha aqressiv və sanballı görünür. Yan və arxa tərəflərdən isə o, daha böyük Peugeot 3008 krossoverini xatırladır. Krossoverin ölçüləri də ciddi şəkildə dəyişib. Peugeot 2008 modelinin qabarit uzunluğu 4300 mm, eni - 1770 mm, hündürlüyü isə 1530 mm təşkil edir. Beləliklə, yeni krossover sələfindən 141 mm uzun, 11 mm enli və 26 mm alçaqdır. Avtomobilin təkər bazası da 112 mm artaraq 2650 mm bərabər olub. Yeni krossoverin salonu ilə yanaşı baqaj bölümü də genişlənib: onun tutumu 360-dan 405 litrə qədər artırılıbdır. Bundan əlavə, baqaj bölümünün döşəməsinin altında əlavə 29 litrlik məkan mövcuddur.
Peugeot i-Cockpit interyer konsepsiyası burada yeni iterpretasiyadadır. Cihazlar paneli artıq rəqəmsaldır, multimedia sisteminin 5,7 və ya 10 düymlük displeyi isə ayrıca yerləşdirilib. Mərkəzi konsolda “aviasiya” düymələrini görmək olar. Opsional olaraq proyeksiya displeyini də sifariş etmək mümkündür. Ötürmələr qutusunun dəstəyi qeydə alınmayandır, dayanacaq əyləci isə servoötürməyə malikdir.
Yeni Peugeot 2008 dörd təchizat səviyyəsində təklif edilir – Active, Allure, GT Line və GT. Ən bahalı versiyalar LED fənərlər, 18-düymlük təkər diskləri, qara dekor elementləri və idman oturacaqları ilə təchiz edilirlər. Opsiyalar arasında panoram tavan, Focal səs sistemi də vardır. Avtomobil üçün geniş çeşiddə elektron yardımçılar da təklif olunur. Avtomatik qutu ilə təchiz edilmiş versiyalarda adaptiv kruiz-kontrol bütün sürət diapazonunda çalışır, mexaniki qutusu olan avtomobillərdə isə, sistem 30 km/saat həddinin üzərindəki sürətlərdə işləyir. Avtomatik əyləcləmə sistemi 5-140 km/saat diapazonunda işləyir, piyada və velosipedçiləri aşkar edir.
Avropa bazarında Peugeot 2008 modeli 100, 130 və 155 at qüvvəli üçsilindrli 1,2 PureTech mühərrikləri ilə təklif ediləcəkdir. Alternativ olaraq 100 və 130 at qüvvəli 1,5 BlueHDi turbodizeli də vardır. Güc aqreqatları standart olaraq altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirlər. Ən güclü versiyaları səkkiz pilləli Aisin avtomatik qutusu ilə də komplektləşdirilə bilər. 130 at qüvvəli benzin mühərrik üçün “avtomat” opsiya olsa da, 130 at qüvvəli dizel və 155 at qüvvəli benzin mühərrikləri üçün bu qutu standartdır.
Əvvəl olduğu kimi krossover öndənçəkişlidir və avtomobilin keçiş qabiliyyətini artıran Grip Control sistemi ilə təchiz edilir.
Adi Peugeot 2008 modeli ilə yanaşı fransız istehsalçısı krossoverin e-2008 elektrik versiyasını da təqdim edib. Elektrik krossoveri adi modeldən radiator barmaqlığının forması və xırda dekor elementləri ilə seçilir. Elektrokar 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir.
Peugeot e-2208 üç hərəkət rejiminə malikdir - Eco, Normal və Sport. Bundan başqa, sürücü rekuperativ əyləcləmə sisteminin iki iş variantından birini seçə bilər. Elektrokar salon döşəməsinin altında yerləşdirilən 50 kilovat-saatlıq batareya ilə təchiz edilir. Elektrokarın bəyan edilən yürüş məsafəsi 310 kilometrdir (WLTP). Batareyanın məişət elektrik şəbəkəsindən doldurulmasına 16 saat tələb olunur. 100 kilovatlıq terminaldan batareyanın 80 faizinin doldurulmasına yarım saat gərəkdir.
Peuget 2008 və e-2008 modellərinin Avropadakı satışlarına bu ilin sonunda başlanacaqdır. Avtomobilləri İspaniyanın Viqo şəhərindəki PSA zavodunda istehsal edəcəkdirlər.