Peugeot 208 hetçbekinin və 2008 krossoverinin növbəti nəsilləri tamamilə elektriklə hərəkətə gələcəkdir. Bu barədə "Autoexpress" nəşri fransız markasının rəhbəri Jan-Fillip Imparatonun sözlərinə istinadən xəbər verir. Üstəlik, 208 və 2008 modellərinin varisi sayılacaq elektromobillər başqa adlar ala bilərlər.
İmparatonun sözlərinə görə, yığcam modelləri daxili yanma mühərriklərindən məhrum etmək qərarı elektromobillərə olan yüksək tələbdən irəli gəlir. Son 10 həftə ərzində 208 və 2008 modellərinə olan sifarişlərinin 14 faizini elektrik modifikasiyaları təşkil edib. Keçən il isə, dünya səviyyəsində satılan hər on Peugeot avtomobilindən biri elektrik mühərriki ilə təchiz olunmuşdu.
“Elektromobillərə olan trend yalnız hər ay deyil, hər həftə güclənir”, - İmparato bildirib.
Peugeot 208 və 2008 modelləri 2019-cu ildə təqdim ediliblər və hazırda dizel və benzin mühərrikləri ilə yanaşı, tamamilə elektrik güc qurğuları ilə təchiz edilmiş “e” indeksini daşıyan “yaşıl” - e-208 və e-2008 versiyalarında təklif olunur. Hər iki model 139 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlirlər. WLTP dövrünə əsasən 50 kilovat-saatlıq batareya hetçbekə 340 kilometr, krossoverə isə 310 kilometr yürüş ehtiyatı verir.
Eyni zamanda, Imparato Peugeot 108 modelinin daxili yanma mühərrikləri ilə təchiz olunmağa davam edəcəyini də söyləyib. Elektrik mühərriki, akkumulyator, 5G modulu və digər avadanlıqların quraşdırılması nəticəsində modelin başlanğıc qiymətinin 10,000 avrodan 30,000 avroya qədər artacağını və bunun satışa mənfi təsir göstərəcəyini qeyd edib.
Keçən yay Peugeot, Citroen, DS və Opel makalarının daxil olduğu PSA konserni, elektromobillər üçün eVMP (Electric Vehicle Modular Platform) adlı yeni platformanı təqdim edib. PSAkonserninin “akkumulyatorlu” avtomobillər üçün hazırlandığı mövcud CMP platformasından fərqli olaraq ,yeni platforma daha böyük modellərin hazırlanmasına imkan verir. Yeni arxitekturaya əsaslanan ilk avtomobillər 2023-cü ildə işıq üzü görəcəkdirlər.