2016-cı ilin yazında debüt edən ikinci nəsil Peugeot 3008 krossoveri çox uğurlu bir model olub: 2017-ci ilin ən yaxşı Avropa avtomobili elan edilən model, ümumilikdə 800 mindən çox tirajla satılıb. İndi isə, Peugeot şirkəti modelin rəqabət qabiliyyətini qorumaq üçün krossoveri yeniləmək qərarına gəlib.
3008 modelinin xarici görünüşü tamamilə dəyişdirilib: yenilənmiş avtomobil 508, 208 və 2008 modellərindəki kimi "dişli" işıq texnikasına, çərçivəsiz radiator barmaqlığına, dəyişdirilmiş bamperlər və 3008 emblemi vurulmuş kapotu alıb. Eksteryerdəki digər yeniliklər arasında Black Pack qara eksteryer tərtibatı dəsti, 19-düymlük San Francisco alüminium təkər diskləri və iki yeni kuzov rəng var: Bleu Célèbes və Bleu Vertigo.
Salonda, tənzimlənən 12.3-düymlük rəqəmsal cihazlar paneli olan i-Cockpit firma sürücü interfeysinin son versiyası quraşdırılıb. Mərkəzdə multimedia sisteminin yeni 10-düymlük sensorlu ekranı, aşağıda isə əsas funksiyaları idarə etmək üçün nəzərdə tutulan yeddi fiziki düymə vardır. İnteryerin tərtibatında bir neçə variantda dəri və alkantaradan, həmçinin yeni deko elementlərindən istifadə edilir.
Yenilənmiş Peugeot 3008 modeli üç əsas təchizat səviyyəsində təklif ediləcəkdir: Active, Allure və GT. Bu səviyyələrin hər biri müxtəlif opsiyalar ilə genişləndirilə bilər: bu vəziyyətdə səviyyənin adına Paket sözü əlavə olunur. Avadanlıq baxımından, krossover gecə görmə kamerası, Stop & Go funksiyalı adaptiv kruiz-kontrol, dairəvi müşahidə sistemi, kor nöqtələrə nəzarət funksiyası, masaj funksiyası olan kresloları, 515 vattlıq Focal səs sistemi ilə öyünə bilər.
İki il bundan əvvəl model xəttində peyda olan 300 at qüvvıli təkrar doldurulan hibrid qurğu ilə təchiz edilən tamötürməli Peugeot 3008 Hybrid4 300 e-EAT8 modeli yenilənmədən sonra da təklif edilir. Eyni zamanda, əvvəlki kimi 13,2 kilovat-saatlıq batareya ilə təchiz edilən hibrid krossover elektrik ötürməsi ilə WLTP dövrünə əsasən 59 kilometr (+9 kilometr) qət edə bilər.
Bu gündən başlayaraq ikinci hibrid - 308 Hybrid 225 e-EAT8 modeli də təklif edilir. Bu modifikasiya Opel Grandland X Hybrid ilə eyni sxemə əsasən hazırlanır: 1,6-litrlik benzin mühərrikinin gücü 200-dən 180 at qüvvəsinə qədər endirilib və arxa oxdakı 112 at qüvvəli elektrik mühərrikdən imtina edilib. Buna baxmayaraq, ön oxda quraşdırılan 110 at qüvvəli mühərrik öz yerində qalıb. Ön ötürməli versiya elektrik ötürməsi ilə 56 kilometr məsafə qət edir.
Krossoverin baza versiyası əvvəlki kimi, altı pilləli mexaniki və ya səkkiz pilləli avtomat ilə tandemdə çalışan 130 at qüvvəli 1,2-litrlik üçsilindrli PureTech benzin mühərriki ilə təchiz edilir. Mühərrik çeşidində növbəti aqreqat avtomatik transmissiya ilə tandemdə çalışan 180 at qüvvəli 1,6-litrlik dördsilindrli mühərrikdir.
Krossoverin təchiz edildiyi dizel aqreqatları xəttində yalnız 130 at qüvvəli 1,5-litrlik dördsilindrli saxlanılıb. Bu aqreqat həm mexaniki, həm də avtomatik transmissiya ilə təklif edilir.
Yenilənmiş Peugeot 3008 modelinin Avropadakı satışlarına bu ilin sonunda başlanacaqdır. Seçilmiş bazarlarda krossoveri Peugeot Store vasitəsi ilə onlayn şəkildə əldə etmək olar. Krossoverin qiyməti hələlik açıqlanmayıb.