Yeni emblemi alan ilk Peugeot avtomobili ilə tanış olun. Fransız şirkətinin dizaynerləri yeni emblemi bütün dünyaya o qədər göstərmək istəyibilər ki, iri qalxanı yalnız ön və arxa tərəfdə deyil, həmçinin ön qanadlarda da yerləşdiriblər. Ən sevindirici hal isə, 308 modelinin üçüncü nəslinin ənənəvi formatını qoruyub saxlamasıdır. Yəni, model son zamanlar dəbdə olduğu kimi krossoverə çevrilməyib. Bir sözlə, Volkswagen Golf modelinə güclü rəqib gəlir.
Yeni hetçbek sələfindən xeyli böyük olub. Təkərlərin arasındakı məsafə 55 millimetr (2675 millimetrə qədər) uzanıb, kuzov çıxışları (xüsusilə ön tərəf) uzanıb, ümumi uzunluq isə 114 millimetr artaraq 4367 millimetrə çatıb. Müqayisə üçün, "səkkizinci" Golf hetçebekinin uzunluğu 4284 millimetrdir. Hetçbekin eni də 48 millimetr (1852 millimetrə qədər) artıb, təkər izi isə eyni qalıb. Nəhayət, fransız hetçbeki 13 millimetr alçaq (1444 millimetr) olub. Bəyan edilən klirens - 140 millimetrdir.
Alın şüşəsi bir qədər geri çəkilib və əvvəlkindən daha çox maillik bucağına malikdir. Avtomobilin aerodinamik müqavimət əmsalı 0,29-dan 0,28-ə qədər endirilib. Hetçbek üçün 16 - 18 düym arasında ölçüsü olan təkər diskləri təklif olunur. Peugeot 308 hetçbeki standart olaraq ön və arxa LED fənərləri təchiz edilir və əlavə ödəniş ilə daha nazik gövdələri ilə seçilən matrisa fənərlərini sifariş etmək olar.
Kiçik sükan çarxı olan i-Cockpitin interyer arxitekturası qorunub-saxlanıb, 10-düymlük virtual cihazlar paneli də yerində qalıb. Lakin başqa yeniliklər də var. Məsələn, top-versiyalarda artıq üçölçülü effektə sahib olan cihazlar paneli quraşdırılır. 10-düymlük ekrana malik olan i-Connect mediasistemi səslə idarəetməyə malikdir ("OK Peugeot" ifadəsi ilə aktivləşdirilir) və Bluetooth vasitəsilə eyni zamanda iki smartfonu birləşdirməyə imkan verir.
Bahalı təchizat səviyyələrində, mediasistemin ekranının altında menyunun müxtəlif hissələrinə yol açan iri "qaynar" düymələri olan sensorlu i-Toggles paneli quraşdırılır. Yeri gəlmişkən, bu "düymələr" fərdi şəkildə tənzimlənə bilər. Ön oturacaqlar elektrik ötürməsi və masaj funksiyası ilə təchiz edilə bilərlər. Oturcaqların üzlənməsində parça, süni dəri, zamşa və ya nappa dərisindən istifadə oluna bilər. Avtomatik transmissiyanın iri coystikinin yerinə düymələri olan miniatür selektor tutub.
Opsiyalar arasında qızdırılan sükan və ön şüşə, dairəvi görüntü kameraları, panoram dam var. Pərdənin altındakı baqaj bölməsinin həcmi 420-dən 412 litrə qədər azalıb, lakin döşəmənin altına 28 litrlik əlavə məkan da var.Arxa sıranın qatlanması halında baqaj bölməsinin tutumu 1323 litrə qədər artır. Əvvəlki modeldə bu göstərici 1228 litr idi.
Yeni Peugeot 308 modeli 70 faizi yeni komponentlərdən ibarət olan modernləşdirilmiş EMP2 modul platformasında inşa edilir. Məsələn, daha yığcam iqlim sistemi quraşdırılmış, kompozit materialların istifadəsi genişləndirilmiş, yapışqan birləşmələrin sayı artırılmışdır (titrəmələri azaltmaq üçün). Arxada hələ də yarımüstəqil asqı quraşdırılır. Ancaq bu platforma artıq hibridlərin və elektrokarları yaratmaq üçün uyğunlaşdırılıb. Sonuncu 308 modelinin çeşidində mövcud olmasa da,yenidən doldurula bilən hibrid iki versiyada təklif ediləcəkdir.
150 və ya 180 at qüvvəli 1,6-litrlik benzin mühərriki, 8-pilləli “avtomata” quraşdırılmış 110 at qüvvəli elektrik mühərriki ilə birlikdə çalışır. Pik rejimdə onlar versiyadan asılı olaraq 180 və ya 225 at qüvvəsi hasil edirlər. Hər iki variantın fırlanma anı eynidir - 360 Nm. 12,4 kilovat-saat tutumu olan batareya elektrik rejimində 60 kilometrlik (WLTP dövrünə görə) yürüyüşü təmin edəcəkdir. Hərəkət elektronikasının Electric, Hybrid, Eco, Normal və Sport rejimləri var. Bununla birlikdə, hibrid daha kiçik baqaja malikdir - 361 litr.
Avropada 110 və ya 130 at qüvvəli 1.2 Puretech benzin turbomühərriki, habelə 130 at qüvvəli dördsilindrli 1.5 BlueHDi turbodizeli də təklif olunacaqdır. Aqreqatların hamısı start-stop sistemi və altı pilləli mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdirlər. Səkkiz pilləli "avtomati" yalnız 130 at qüvvəli avtomobillər üçün sifariş etmək olar.
Drive Assist 2.0 elektron köməkçilər kompleks ilin sonuna kimi yeni hetçbekdə quraşdırılacaqdır və avtomatik əyləcləmə sistemini, adaptiv kruiz-kontrolu, zolaqda saxlama funksiyasını və avtobanda ötməni həyata "yarıavtomatı" özündə cəmləşdirəcəkdir. Sürücünün əmri ilə (yalnız dönmə siqnalını yandırmaq lazımdır), avtomobil 70 ilə 180 km/saat sürətilə ötmə əməliyyatını həyata keçirəcəkdir.
Yeni Peugeot 308 modeli Müluzdakı əsas zavodda istehsal ediləcək və cari ilin ikinci yarısında Avropa bazarında satışa çıxarılacaqdır. Təəsüflər olsun ki, Peugeot avtomobilləri Azərbaycan bazarında satılmırlar, amma dünyanın işini bilmək olmaz...