İspaniyanın km77.com nəşrinin jurnalistləri növbəti “sığır” testini keçiriblər və bu dəfə onlar sınaqlar üçün, GT top modifikasiyasında olan yeni nəsil Peugeot 308 hetçbekini götürüblər. “Sığır” testi zamanı fransız hetçbeki gözlənilməyən çətinliklərlə üzləşib: sınaq zamanı avtomobillərdən birində sükan idarəəetməsi “yoxa çıxıb”.
73 km/saat sürətlə həyata keçirilmiş bir neçə kəskin yerdəyişmədən sonra avtomobilin sükan gücləndiricisində nasazlıq yaşanıb. Mühərrikin yenidən işə salınması nasazlığı aradan qaldırmağa kömək edib, lakin çox keçmədən sistem tamamilə sıradan çıxıb: manevr zamanı cihazlar panelində onun söndüyünü bildirən xəbərdarlıq görünüb. Jurnalistlərin sərəncamında olan ikinci Peugeot 308 hetçbeki testi başa vurmağa kömək edib.
Fransız hetçbekinin göstərdiyi nəticələr sınaq iştirakçılarını qane etməyib. Peugeot 308 hetçbeki yola düzülmüş konuslara toxunmadan kəskin yerdəyişmələri 72 km/saat sürəti ilə həyata keçirməyə müvəffəq olub. Qeyd etmək gərəkdir ki, hetçbekin əvvəlki nəsli “sığır” testinin öhdəsindən 82 km/saat sürəti ilə gəlmişdi.
Buna baxmayaraq, ekspertlər sürücünün yeni Peugeot 308 sükanı arxasında özünü təhlükəsiz hiss etdiyi bildiriblər. Xatırladaq ki, fransız hetçbeki Avropada 43 min avtodan başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.