Peugeot şirkəti rəsmi olaraq yenilənmiş 308 modelini təqdim etmişdir. Avtomobil yeni dizel mühərrikini və Aisin şirkətinin məhsulu olan səkkiz diapazonlu avtomatik ötürmələr qutusunu əldə etmişdir.
Yenilənmiş avtomobil tamamilə yeni radiator barmaqlığına və cüzi olaraq dəyişdirilmiş kapota sahib olmuşdur. Firmanın emblemi isə kapotdan radiator barmaqlığına keçirilmişdir.
Bundan başqa, Peugeot 308 modeli dəyişdirilmiş ön bamperi və işıqdiodlarından olan ön fənərləri əldə etmişdir.
Avtomobilin salonunda isə heç bir dəyişiklik edilməmişdir. Əvvəllər 308 modelinin yeni 3008 modelində debüt etmiş i-Cockpit interyerinin ikinci nəslini əldə edəcəyi ehtimal olunsa da, yenilənmiş hetçbek tıxacları real zamanda gpstərən TomTom naviqasiyası və smartfonun displeyini ekranda təkrarlama funksiyası olan Mirror Screen multimedia sistemi ilə təchiz edilmişdir.
Yeni səkkiz pilləli avtomatik ötürmələr qutusu Peugeot 308 GT modifikasiyasının təchiz edildiyi 180 at qüvvəli dizel mühərriki üçün nəzərdə tutulmuşdur. Daha bir yenilik 130 at qüvvəli 1,5-litrlik dizel güc aqreqatının modelin mühərrik çeşidinə daxil edilməsidir. Eyni zamanda, modelin mühərrik çeşidində 130 at qüvvəli üç silindrli benzin mühərriki də mövcuddur ki, bu aqreqat da altı pilləli mexaniki qutu ilə tandemdə çalışır. Restaylinq keçmiş Peugeot 308 modelinin təchizatına avtomobili yavaşladaraq tam dayandırma funksiyası olan kruiz-kontrol, yol xəttlərinə nəzarət sistemi və öndən toqquşmaları xəbərdar edən sistem daxil edilmişdir.
Xatırlatmaq istərdik ki, rəsmi olaraq Peugeot avtomobilləri Azərbaycanda satılmır. Fransız şirkətinin yerli nümayəndəsi olmuş Auto Azərbaycan şirkəti Peugeot modellərinin yerli alıcılar arasında qeyri-populyar olması səbəbindən diler mərkəzini ləğv etmək qərarına gəlmişdir.